
Bakı. Trend:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində
Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün sosial xidmət
müəssisəsində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü
və Yeni il münasibətilə bayram şənliyi təşkil olunub.
Trend xəbər verir ki,
tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və
Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva iştirak ediblər.
Leyla Əliyeva və Arzu Əliyeva sosial xidmət müəssisəsinin
sakinləri ilə görüşüb, onlarla birlikdə bayram süfrəsi arxasında
səmimi söhbət ediblər. Ahıl şəxslər ölkəmizdə yaşlı insanlara,
onların problemlərinin həllinə hər zaman qayğı göstərildiyini
söyləyib, burada onlar üçün yaradılan şəraitə görə Prezident İlham
Əliyevə və Birinci xanım, Heydər Əliyev Fondunun prezidenti
Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Bayram proqramı çərçivəsində bədii hissə də təqdim olunub. Ahıl
şəxslər musiqilər ifa edib, şeirlər söyləyib, səhnəcik nümayiş
etdiriblər.
Leyla Əliyeva və Arzu Əliyeva ahıl şəxsləri Yeni il münasibətilə
təbrik edib, onlara cansağlığı arzulayıblar.
Ziyarət zamanı onlar sosial xidmət müəssisəsində ahıllar üçün
yaradılan şəraitlə də tanış olublar.
Tədbirin sonunda sosial xidmət müəssisəsinin sakinlərinə bayram
hədiyyələri paylanılıb.

