Birinci vitse-prezident Mehriban Əliyeva Yeni il münasibətilə paylaşım edib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban
Əliyeva Yeni il ilə əlaqədar rəsmi “Instagram” səhifəsində paylaşım edib.

Trend xəbər verir ki, paylaşımda deyilir:

“Əziz həmvətənlərim, bacı-qardaşlarım!

Yeni 2026-cı ilin ilk günündə hər birinizə möhkəm cansağlığı,
uğur və rifah arzulayıram. Qoy bu il ümidlərinizi doğrultsun,
ürəyinizdəki bütün arzularınızı həyata keçirsin.

Hər birimizin yaşı bir il də artdı və inanıram ki, daha müdrik
olduq. Qoy bu müdriklik bizə ən tutqun günlərdə belə işığı görməyə
kömək etsin. Qoy qəlblərimizdə mərhəmət daha çox olsun. Qoy
sevgimizin və xeyirxahlığımızın enerjisi ətrafımızı bürüsün.

Çünki təkcə bir yaxşı əməl belə hər tərəfə kök salır və həmin
köklərdən yeni ağaclar – yeni xeyirxah əməllər və yaxşı işlər boy
atır. Mərhəmət və xeyirxahlıq bizi daha güclü, daha yaxşı insanlara
çevirir.

Qoy yeni ildə bizi yaxşılığa inam, bir-birimizə hörmət və doğma
Vətənimiz qarşısında məsuliyyət hissi birləşdirsin. Qoy Uca Tanrı
hər birinizi və hamımızı birlikdə qorusun, bizi bəlalardan
saxlasın, xalqımıza sülh, həmrəylik və mənəvi güc bəxş etsin.

Qoy Allah mərhəmətini ailələrimizdən, övladlarımızdan və
xalqımızdan əsirgəməsin, qəlblərimiz işığa, şəfqətə və sevgiyə açıq
olsun.

Yeni iliniz mübarək – ümidlə, inamla və sevgi ilə,

Sizin MEHRİBAN”.