
Bakı. Trend:
Bu gündən fiziki şəxslərə məxsus yaşayış sahələrinin
(mehmanxanalar və mehmanxana tipli obyektlərdə yerləşən yerləşmə
vasitələri istisna olmaqla) fiziki şəxslərə kirayəyə verilməsindən
əldə olunan gəlirlərdən ödəmə mənbəyində 10 faiz
dərəcə ilə vergi tutulacaq.
Trend-in
məlumatına görə, bu məsələ Prezident İlham Əliyevin təsdiqlədiyi
Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini
tapıb.
Qanuna əsasən, icarə (kirayə) haqqı vergi ödəyicisi kimi uçotda
olmayan fiziki şəxs tərəfindən ödənildikdə icarəyə (kirayəyə) verən
özü və ya onun təyin etdiyi vergi agenti bu maddəyə uyğun olaraq
14 faiz (icarəyə münasibətdə) və ya 10
faiz (kirayəyə münasibətdə) dərəcə ilə vergini ödəyəcək və
vergi uçotuna alınıb bəyannamə verəcək.
Məlumat üçün bildirək ki, daha əvvəl icarə haqqı vergi ödəyicisi
kimi uçotda olmayan fiziki şəxs tərəfindən ödənildikdə icarəyə
verən özü və ya onun təyin etdiyi vergi agenti 14
faiz dərəcə ilə vergini özü ödəyir və vergi uçotuna alınıb
bəyannamə verirdi.
Qeyd edək ki, dəyişikliklər 2026-cı il 1 yanvar
tarixindən qüvvəyə minib.


