Media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılıb

Baş səhifə

Bakı. Trend:

Media subyektlərinin öz fəaliyyətlərindən əldə etdikləri
gəlirlərin gəlir (mənfəət) vergisindən azadolma müddəti
artırılıb.

Trend-in
məlumatına görə, bu məsələ Prezident İlham Əliyevin təsdiqlədiyi
Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini
tapıb.

Qanuna əsasən, media subyektlərinin (audiovizual media
subyektləri istisna olmaqla) öz fəaliyyətlərindən əldə etdikləri
gəlirlər (o cümlədən reklam gəlirləri), habelə müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən
verilən maddi yardımlar 2029-cı il yanvarın 1-dək
gəlir vergisindən azad edilib.




Həmçinin, media subyektləri (audiovizual media subyektləri
istisna olmaqla) tərəfindən istehsal olunan media məhsullarının
təqdim edilməsi, habelə Azərbaycan Respublikasında daimi
nümayəndəlik yaratmayan qeyri-rezident şəxslər tərəfindən media
subyektlərinə (audiovizual media subyektləri istisna olmaqla) media
fəaliyyəti ilə bilavasitə bağlı olan işlərin görülməsi və
xidmətlərin göstərilməsi 2029-cı il yanvarın 1-dək
ƏDV-dən azad edilib.

Məlumat üçün bildirək ki, sözügedən güzəştlər 2023-cü il
yanvarın 1-dən
tətbiq edilirdi və müddəti 2026-cı
il yanvarın 1-də
başa çatacaqdı.

Qeyd edək ki, dəyişikliklər 2026-cı il 1 yanvar
tarixindən qüvvəyə minib.