
Bakı. Trend:
Bu gündən neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət
sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin
muzdlu işdən aylıq gəlirlərindən vergi tutulacaq.
Trend-in
məlumatına görə, bu məsələ Prezident İlham Əliyevin təsdiqlədiyi
Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini
tapıb.
Qanuna əsasən, neft-qaz sahəsində fəaliyyəti olmayan və
qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən
fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi aşağıdakı
göstərilən dərəcələrlə tutulacaq.
2026-cı il yanvarın 1-dən 2027-ci il yanvarın 1-dək
aşağıdakı cədvələ uyğun olaraq:
| Vergi tutulan aylıq gəlirin məbləği | Verginin dərəcəsi | ||||||
| 2500 manatadək | 3 faiz | ||||||
| 2500 manatdan 8000 manatadək | 75 manat + 2500 manatdan 8000 manatadək olan məbləğin 10 faizi | ||||||
| 8000 manatdan çox olduqda | 625 manat + 8000 manatdan çox olan məbləğin 14 faiz | ||||||
2027-ci il yanvarın 1-dən 2028-ci il yanvarın 1-dək
aşağıdakı cədvələ uyğun olaraq:
| Vergi tutulan aylıq gəlirin məbləği | Verginin dərəcəsi | ||||||
| 2500 manatadək | 5 faiz | ||||||
| 2500 manatdan 8000 manatadək | 125 manat + 2500 manatdan 8000 manatadək olan məbləğin 10 faizi | ||||||
| 8000 manatdan çox olduqda | 675 manat + 8000 manatdan çox olan məbləğin 14 faizi | ||||||
2028-ci il yanvarın 1-dən aşağıdakı cədvələ uyğun
olaraq:
| Vergi tutulan aylıq gəlirin məbləği | Verginin dərəcəsi | ||||||
| 2500 manatadək | 7 faiz | ||||||
| 2500 manatdan 8000 manatadək | 175 manat + 2500 manatdan 8000 manatadək olan məbləğin 10 faizi | ||||||
| 8000 manatdan çox olduqda | 725 manat + 8000 manatdan çox olan məbləğin 14 faizi | ||||||
Daha əvvəl neft-qaz sahəsində fəaliyyəti olmayan və
qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən
fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi 2019-cu il
yanvarın 1-dən 7 il müddətində aşağıdakı cədvələ uyğun olaraq
tutulurdu:
| Vergiyə cəlb edilən aylıq gəlir | Verginin dərəcəsi | |||
| 8000 manatadək | 0 faiz | |||
| 8000 manatdan çox olduqda | 8000 manatdan çox olan məbləğin 14 faizi | |||
Bildirilib ki, qeyri-neft özəl sektorda əmək haqqı gəlirləri
üzrə fiskal yükün tənzimlənməsi istiqamətində aşağıdakılar həyata
keçiriləcək:
- proqressiv gəlir vergisi dərəcələrinin tətbiqi (aylıq gəlirin
məbləğindən asılı olaraq 7% (2026-cı ildə 3%, 2027-ci ildə 5%), 10%
və 14% dərəcələri ilə); - sosial sığorta haqları dərəcələrinin əmək haqqının 8000
manatdan yuxarı hissəsinə görə 4 faiz azaldılaraq 25%-dən 21%-ə
endirilməsi (işçi üzrə 10%, işəgötürən üzrə 11%); - tibbi sığorta haqqı dərəcələrinin əmək haqqının 2500 manatdan
yuxarı hissəsinə görə 4%-dən 1%-ə (işçi və işəgötürən üzrə 0,5%)
endirilməsi
1 yanvar 2019-cu il tarixdən qeyri-neft sektorunun özəl
bölməsində muzdla işləyən şəxslərin aylıq gəlirlərinə vergi və
sosial sığorta haqları üzrə güzəşt mexanizmi tətbiq edilir.
Aparılmış islahatın məqsədi sahibkarlar və işəgötürənlər üçün
əlverişli vergi-investisiya mühitinin yaradılması, işçi sayının və
əmək haqqının əhəmiyyətli leqallaşması, əmək haqqı fondunun
böyüməsi və sosial sığorta yığımlarının artması, işçilərin gələcək
pensiya təminatı üçün real maliyyə bazasının formalaşması (pensiya
kapitalının həcminin artması), əhalinin leqal və daha yüksək əmək
haqları ilə banklardan kredit almaq imkanlarının genişlənməsi,
ölkədə nağdsız əməliyyatların həcminin əhəmiyyətli dərəcədə
böyüməsi olub.
İslahatlar nəticəsində qeyri-neft və qaz sektorunun özəl bölməsi
üzrə əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə
459.9 min vahid və ya 85,2 %
artaraq 2025-ci ilin avqust ayının 1-nə 999.9 minə
çatıb və cəmi əmək müqavilələrində payı 38,5 %-dən 54,2
%-ə yüksəlib.
Həmçinin 2018-ci il ilə müqayisədə 2024-cü ildə cəmi əmək haqqı
fondu 2,5 dəfə, o cümlədən qeyri-neft özəl sektor
üzrə 2,7 dəfə, cəmi məcburi dövlət sosial sığorta
haqları üzrə daxilolma 2,5 dəfə, o cümlədən
qeyri-büdcə sektoru üzrə 2,6 dəfə artıb. Dövlət
Sosial Müdafiə Fondunun ümumi gəlirlərində büdcə öhdəliklərinin
(transfert) xüsusi çəkisi 35,6 %-dən 17,5 %-dək
azalıb.
Müvafiq güzəştin tətbiqi özəl sektorda əmək münasibətlərinin və
iş yerlərinin rəsmiləşdirilməsinə, kölgə iqtisadiyyatının həcminin
azalmasına, habelə sahibkarların vergi yükünə müsbət təsir
göstərməklə qeyri-neft sektorunun dayanıqlı inkişafına mühüm töhfə
verib.
Vurğulanıb ki, aparılmış islahatların nəticələrinin qorunub
saxlanılması və müvafiq sahədə stabilliyin təmin edilməsi
məqsədilə, neft-qaz sektorunda fəaliyyət göstərməyən və
qeyri-dövlət sektoruna aid vergi ödəyicilərində çalışan fiziki
şəxslərin muzdlu işdən əldə etdikləri aylıq gəlirlərindən tutulan
vergi və sığorta haqlarına yenidən baxılması, həmçinin müvafiq
sahədə diferensial yanaşma əsasında, mərhələli və yumşaq keçidlə
vergi və sığorta haqlarının tətbiq mexanizminin formalaşdırılması
zərurəti yaranıb.
Mövcud vəziyyətə görə, qeyri-neft özəl sektoru üzrə muzdlu işdən
aylıq gəlirin vergi və sığorta dərəcəsinin tənzimlənməsi
istiqamətində aşağıdakılar proqnozlaşdırılır:
- mərhələli və yumşaq keçidlə biznesin fiskal yükünün
tənzimlənməsi, neytral saxlanılması və büdcə gəlirlərinin
qorunması; - şəffaflaşma nəticələrinin qorunub-saxlanılması;
- müvafiq sahədə “kölgə” imkanlarının minimuma endirilməsi;
- işçilərin gəlirlərindən tutulmaların minimal səviyyədə
saxlanması ilə rəsmi gəlirlərin artırılması və
stimullaşdırılması.
Qeyd edək ki, dəyişikliklər 2026-cı il 1 yanvar
tarixindən qüvvəyə minib.


