ABŞ-də “super qrip” kimi tanınan H3N2 ştammı sürətlə yayılır

Baş səhifə

Bakı. Trend:

ABŞ-də “super qrip” kimi də tanınan A qripi, xüsusilə H3N2
ştammının yeni variantı sürətlə yayılmaqdadır.

Trend-in
məlumatına görə, bu barədə “NBC News” məlumat yayıb.

Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin (CDC)
açıqlamasına əsasən, 20 dekabr tarixinə olan vəziyyətə görə, qrip
halları 32 ştatda “yüksək” və ya “çox yüksək” səviyyədə qeydə
alınıb. Bu göstərici bir həftə əvvəl 17 ştat idi. Oktyabr ayından
bu yana ən azı 7,5 milyon insan qripə yoluxub.

Son bir həftə ərzində xəstəxanaya yerləşdirilənlərin sayı iki
dəfə artaraq 19 053 nəfərə çatıb. Bir həftə əvvəl bu rəqəm 9 944
idi. Qrip nəticəsində təxminən 3 100 nəfər həyatını itirib, uşaq
ölümlərinin sayı isə beşə yüksəlib.




Həkimlər bildirirlər ki, qripə yoluxma hallarının ən azı növbəti
bir neçə həftə ərzində artacağı gözlənilir, azalmanın isə gələn
ilin yanvar ayının sonu və ya fevral ayına qədər baş verməyəcəyi
ehtimal olunur.

Qrip hallarının yüksək olduğu yeni ştatlar arasında Kaliforniya,
Nevada, Missuri, Arkanzas, Alabama və Florida yer alır. Artıq “çox
yüksək” kateqoriyasına daxil olan ştatlar sırasında isə Nyu-York,
Nyu-Cersi, Cənubi Karolina, Luiziana və Kolorado var.

Məlumata görə, hazırda dominant olan ştamm A qripi virusudur.
Xüsusilə mutasiyaya uğramış və sürətlə yayılan H3N2 ştammı daha
ağır xəstəlik törədir ki, bu da xəstəxanaya yerləşdirilmələrin
kəskin artmasına səbəb ola bilər.