
İran qırmızı xətti keçib-keçməmək barədə qərar verməlidir.
APA-nın xəbərinə görə, bunu İsrail Baş naziri Benyamin Netanyahu “Fox News” telekanalına müsahibəsində bildirib.
“İran məsələsində əsas problem ondan ibarətdir ki, Tehran uranın zənginləşdirilməsi imkanlarına malik olmamalı olduqları reallığı qəbul etməlidirlər. İran artıq zənginləşdirilmiş bütün materialı ölkə hüdudlarından çıxarmalı və yoxlamalara şərait yaratmalıdır”, – deyə İsrail Baş naziri vurğulayıb.
Benyamin Netanyahu deyib ki, iki həftə əvvəl ona İranın İsrail istiqamətində ballistik raketlər buraxmağa cəhd etdiyinə dair sınaqlar apardığı barədə məlumat verilib. “Mən açıq şəkildə bildirdim ki, əgər buna cəhd etsələr, nəticələr fəlakətli olacaq. Ümid edirəm ki, İran bu səhvə yol verməz”.
Baş nazirin sözlərinə görə, İran raket istehsalını yenidən bərpa edir və nüvə proqramı ilə bağlı fəaliyyətlərini davam etdirməyə çalışır. “Onlar bu qırmızı xətti keçib-keçməmək barədə qərar verməlidirlər. ABŞ Prezidenti Donald Trampın xəbərdarlıqlarından sonra buna cəsarət edib-etmədiklərinə əmin deyiləm. Biz gərginliyin artmasında maraqlı deyilik və ümid edirəm ki, İran da eyni mövqedədir”.


