Ermənistan Zəngəzur dəhlizi layihəsinə qarşı çıxmır – Uraloğlu

Baş səhifə

Ermənistan Zəngəzur dəhlizi (Tramp yolu) layihəsinə qarşı çıxmır.

Modern.az xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bildirib.

Nazir vurğulayıb ki, Türkiyə–Ermənistan münasibətlərində irəliləyiş ilk növbədə İrəvanla Bakı arasında razılaşmanın əldə olunmasından asılıdır.

Uraloğlu qeyd edib ki, o, həm Ermənistanın sabiq, həm də hazırkı nəqliyyat nazirləri ilə danışıqlar aparıb və bu görüşlər zamanı Ermənistanın dəhliz layihəsinin həyata keçirilməsinə mane olmaq niyyətində olmadığına dair təminatlar alıb.

“Əvvəlcə Azərbaycan və Ermənistan danışıqlar masasına əyləşməli və razılığa gəlməlidirlər. Bundan sonra Türkiyə Ermənistanla bağlı addımları mehriban qonşuluq münasibətləri çərçivəsində ata bilər. Bu, eyni zamanda Prezidentimizin mövqeyidir”,- deyə nazir bildirib.

Türkiyənin nəqliyyat naziri Zəngəzur dəhlizinin strateji əhəmiyyətini xüsusi vurğulayıb:

“Bu marşrut bizim üçün çox böyük dəyərə malikdir. O, eyni zamanda Türk dünyası və türk dövlətləri ilə birbaşa nəqliyyat əlaqəsini təmin edəcək”.