AİB qarşıdakı beş il ərzində Azərbaycanın “yaşıl keçid”inə dəstəyi davam etdirəcək

Baş səhifə

Bakı. Trend:

Asiya İnkişaf Bankı (AİB) növbəti beş il ərzində Azərbaycanın
“yaşıl keçid”ini dəstəkləməyə davam edəcək.

Trend xəbər verir
ki, bu barədə AİB-in Azərbaycandakı nümayəndəliyinin direktoru
Suniya Durrani-Camal videomüraciətində bildirib.

“Geridə qoymaqda olduğumuz ilin yekunlarını xülasə edərək,
2025-ci ildəki nailiyyətləri qeyd edirik. AİB-in Azərbaycandakı
komandası iyul ayında AİB-in Direktorlar Şurası tərəfindən
təsdiqlənmiş Azərbaycanla tərəfdaşlıq strategiyamızın əsasını
təşkil edən prioritetlərin müəyyənləşdirilməsi məqsədilə
nazirliklər, agentliklər və özəl sektorla sıx əməkdaşlıq edib. Bu
strategiya ölkənin öz məqsədlərinə çatmasına necə dəstək
verdiyimizi, eləcə də təkcə milli deyil, regional səviyyədə
inkişafı necə təşviq etdiyimizi müəyyənləşdirir.




Növbəti beş il ərzində AİB Azərbaycanın “yaşıl keçid”inə
dəstəyini davam etdirəcək. Biz əlavə dəyərin yaradılmasının
sürətləndirilməsi və iqtisadiyyatın dayanıqlığının artırılması
yollarını axtaracağıq. Potensialın inkişafı və məşğulluğa dəstək də
prioritetlərimiz sırasında qalır. AİB rəhbərliyinin, o cümlədən
vitse-prezidentlər İnmin Yanqın, Skott Morrisin, Barqav Dasquptanın
və baş direktor Lii Qutyerresin səfərləri bizim işimizə böyük töhfə
verib”, – deyə o qeyd edib.

Suniya Durrani-Camal vurğulayıb ki, noyabr ayında AİB prezidenti
Masato Kandanın Bakıya səfəri bankın Azərbaycanın “sülh
dividendindən” faydalanmağa hazırlaşdığı bu mühüm mərhələdə ölkəyə
sadiqliyini təsdiqləyib.

“İstənilən irəliləyiş tərəfdaşlarımızla əməkdaşlıq sayəsində
mümkündür və bu il böyük səylə çalışan hökumət, özəl sektor üzrə
həmkarlarımıza və dünyanın müxtəlif ölkələrindən olan AİB
mütəxəssislərinə minnətdarlığımızı bildiririk. Azərbaycan AİB-ə
böyük etimad göstərib və biz daha keyfiyyətli xidmətlər təqdim
etmək yollarını tapmaqla bu etimadı doğrultmaq niyyətindəyik. Biz
dəmir yolları, Bakı metropoliteni və su təchizatı infrastrukturu
üzrə iri investisiyaların icrasına, eyni zamanda kiçik və orta
biznesə dəstəyin genişləndirilməsinə hazırlaşırıq və paralel olaraq
“yaşıl” və inklüziv Azərbaycan üçün yeni imkanları daim
qiymətləndiririk”, – deyə o, sözlərini yekunlaşdırıb.