IGB istixana qazlarının emissiyalarını əhəmiyyətli dərəcədə azaldıb

Baş səhifə

Bakı. Trend:

Yunanıstan-Bolqarıstan İnterkonnektoru (IGB) 2024-cü ildə
istixana qazlarının emissiyalarını əhəmiyyətli dərəcədə
azaldıb.

Trend bu barədə
qaz kəmərinin operatoru ICGB-yə istinadən xəbər verir.

“ICGB-nin istixana qazları üzrə son hesabatı göstərir ki,
2024-cü ildə 2023-cü illə müqayisədə emissiyalar əhəmiyyətli
dərəcədə – təxminən 13,8 min ton CO₂ ekvivalentindən 3,7 min tona
qədər azalıb. Bu irəliləyiş şirkətin tikinti mərhələsindən tam
əməliyyat fəaliyyətinə keçməsi ilə bağlıdır və bu, materiallar,
nəqliyyat və tikinti işləri ilə bağlı emissiyaların təbii şəkildə
azalmasına gətirib çıxarır”, – şirkətin məlumatında bildirilir.

2024-cü ildə ICGB-nin qalan karbon izi əsasən enerji istifadəsi,
işgüzar səfərlər və texniki xidmət kimi gündəlik əməliyyatlarla
bağlıdır. Şirkət bu sahələrdə səmərəliliyi artırmaq və dayanıqlı
təcrübələri tətbiq etmək üçün yeni imkanlar axtarmaqda davam
edir.




Hesabat aparıcı beynəlxalq standartlar və Aİ reqlamentlərinə
uyğun hazırlanıb.

Qeyd edək ki, IGB Yunanıstanın milli qaz nəqliyyat sistemi
(DESFA S.A.) və Trans-Adriatik qaz kəməri (TAP AG) ilə Komotini
(Yunanıstan) bölgəsində, həmçinin, Bolqarıstanın qaz nəqliyyat
sistemi (Bulgartransgaz EAD) ilə Stara-Zaqora bölgəsində
birləşdirilib.

Qaz kəmərinin ümumi uzunluğu 182 km, borunun diametri 32
düymdür. Layihə gücü ildə 3 milyard kubmetr qazın
Yunanıstan-Bolqarıstan istiqamətində nəqlini nəzərdə tutur, bazar
marağı və qonşu qaz nəqliyyat sistemlərinin imkanlarından asılı
olaraq bu həcm illik 5 milyard kub metrə qədər artırıla bilər.