BP “Şahdəniz” yatağında seysmik kəşfiyyatın başlama tarixini açıqlayıb

Baş səhifə

Böyük Britaniyanın BP şirkəti “Şahdəniz” yatağında 2026-2035-ci illəri əhatə edən uzunmüddətli seysmik tədqiqat proqramını həyata keçirmək niyyətindədir.

“Report”un “BP-Azerbaijan”a istinadən verdiyi məlumata görə, yatağın müqavilə ərazisində seysmik işlərin başlanması 2026-cı ilin dördüncü rübünə planlaşdırılıb.

Tədqiqatlar “Əşrəfi-Dan Ulduzu-Aypara” (ADUA) perspektiv strukturlar blokunda seysmik kəşfiyyat sahəsindən təxminən 80 km cənub-cənub-qərbdə yerləşən “Şahdəniz” müqavilə ərazisində həyata keçiriləcək. Bu zaman “Şahdəniz”də işlər ADUA blokunda planlaşdırılan 2D seysmik kəşfiyyat və “Qarabağ” yatağında seysmik tədqiqatlarla eyni vaxtda aparılmayacaq.

Qeyd edək ki, ADUA layihəsi üzrə seysmik tədqiqatlar proqramı ikiböyutlu yüksək həll (HR) seysmik kəşfiyyatın aparılmasını nəzərdə tutur. İşlər qısamüddətlidir və 12 saatlıq iş rejimində 20 günədək və ya fasiləsiz iş rejimində 10 günədək davam edəcək.

Seysmik kəşfiyyat ADUA blokunun şimal-qərb hissəsində kiçik bir ərazini əhatə edəcək və 2026-cı ilin fevral-aprel ayları arasında 20-40 metr su dərinliyində aparılması planlaşdırılır.

BP 2025-ci ilin dekabrında Xəzər dənizinin Azərbaycan sektorundakı “Qarabağ” yatağında seysmik kəşfiyyat işlərinə başlayıb. Yatağın seysmik tədqiqat proqramı iki mərhələdən – dəniz dibi qovşaqlarından (“Ocean Bottom Node”, OBN) istifadə edərək seysmik kəşfiyyat, həmçinin yüksək (HR) və ultra yüksək (UHR) həlletmə qabiliyyətli seysmik çəkilişdən ibarətdir. Birinci mərhələ üzrə işlərin müddəti 3,5 ayadək təşkil edir. İşlər 140-200 metr dərinlikdə aparılacaq. 45 günə qədər davam edəcək HR/UHR çəkilişi 2026-cı ilin mart-aprel aylarında planlaşdırılıb.

“Şahdəniz” üzrə müqavilədə tərəflərin pay bölgüsü hal-hazırda belədir: BP (operator – 29,99 %), “LUKoil” (19,99 %), TPAO (19 %), NICO (10 %) və “Cənub Qaz Dəhlizi” QSC (16,02 %), MVM (5 %).

Hazırda yataqda qaz və kondensat hasilatı “Mərhələ-1” çərçivəsində “Şahdəniz Alfa” platformasından və “Mərhələ-2” çərçivəsində “Şahdəniz Bravo” platformasından həyata keçirilir. Burada qaz hasilatı 2006-cı ilin dekabr ayında başlayıb.

Xatırladaq ki, BP şirkəti 2025-ci ilin dekabr ayında Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Qarabağ” yatağında seysmik kəşfiyyat işlərinə başlayıb. Seysmik tədqiqat proqramına dənizdibi sensor qovşaqlarla (OBN) seysmik tədqiqat və yüksək dəqiqlikli (HR)/ultra yüksək dəqiqlikli (UHR) seysmik tədqiqat daxildir. Birinci seysmik proqram dekabrda başlayacaq və üç ay yarım müddətdə davam edəcək. Tədqiqat dənizin 140-200 metr dərinliyində aparılacaq.

HR/UHR tədqiqatın isə 2026-cı ilin mart-aprel aylarında həyata keçiriləcəyi və 45 günədək davam edəcəyi nəzərdə tutulur.