KOBİA-nın yaranmasından 8 il ötür

Baş səhifə

Bakı. Trend:

Mikro, kiçik və orta biznesə (KOB) ünvanlı dəstək və xidmətlərin
göstərilməsi üzrə ixtisaslaşmış qurumun – Kiçik və Orta Biznesin
İnkişafı Agentliyinin (KOBİA) fəaliyyətə başlamasından 8 il ötür.
Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2017-ci il tarixli
Fərmanı ilə yaradılmış Agentlik dövlət başçısının rəhbərliyi ilə
sahibkarlığın, xüsusilə KOB sektorunun inkişafına göstərilən
ardıcıl və sistemli dövlət dəstəyinin mühüm göstəricilərindən
olmaqla ötən 8 ildə KOB sektorunun inkişafında institusional dayağa
çevrilib.

Ötən 8 ildə KOB-lara göstərilən dəstək və xidmətlərin daha
əlçatan olması məqsədilə Bakı şəhərini və ölkə regionlarını əhatə
edən geniş infrastruktur şəbəkəsi formalaşdırılıb. Hazırda
sahibkarlara vahid məkanda “G2B” və “B2B” xidmətlərin göstərildiyi
KOB evləri Bakı, Xaçmaz, Yevlax və Şuşa şəhərlərində fəaliyyət
göstərir. Ötən dövrdə KOB evlərində sahibkarlara dövlət və özəl
qurumlar tərəfindən 1,4 milyondan çox xidmət göstərilib. “Gəncə KOB
evi”nin təşkili üzrə işlər tamamlanıb və yaxın vaxtlarda
sahibkarların istifadəsinə veriləcəkdir.

Sahibkarların biznes sahəsində bilik və bacarıqlarının
artırılmasına olan ehtiyacı nəzərə alınaraq ötən dövrdə bu
istiqamət KOBİA-nın fəaliyyətində prioritet olub. Agentliyin KOB
inkişaf mərkəzlərində indiyədək sahibkarlara ödənişsiz olaraq 10
000-ə qədər məsləhət xidməti göstərilib, 64 800 sahibkara 5 200
təlim keçirilib. Ənənəvi təlim mexanizmləri innovativ və rəqəmsal
həllərlə tamamlanaraq sahibkarlara daha çevik və rahat imkanlar
yaradılıb. Azərbaycan Texniki Universitetində yaradılmış KOB Model
Müəssisə praktik təlimləri ilə sahibkarlara səmərəli və qənaətli
idarəetmə üsullarını öyrətməklə biznesin bilik və bacarıqlarını
təkmilləşdirib. 180 təlim videosu, təlim materialları və
özünüqiymətləndirmə testlərinin olduğu video təlim platformasından
ötən müddətdə 2 200-dən artıq sahibkar faydalanıb.

Ölkənin 47 şəhər və rayonunda, o cümlədən işğaldan azad edilmiş
Laçın, Zəngilan, Kəlbəcər və Füzulidə sahibkarlara yerində xidmət
edən 48 KOB dostu fəaliyyət göstərir. KOB dostu şəbəkəsi
sahibkarların dövlət və özəl qurumlarla effektiv
əlaqələndirilməsinə, qarşılaşdıqları çətinliklərin operativ həllinə
töhfə verərək zamanla onların ən etibarlı tərəfdaşına çevrilib.

KOB subyektlərinin ehtiyaclarının və çətinliklərinin öyrənilməsi
və aidiyyəti üzrə çatdırılması üçün KOBİA tərəfindən bir sıra
effektiv kommunikasiya kanalları yaradılıb. 22 500-dən çox
sahibkarın iştirakı ilə Bakı və regionlarda 700-dək sahəvi görüş
keçirilib. KOBİA yanında İctimai Şura çərçivəsində 50-yə yaxın
ictimai müzakirə təşkil edilib. Bu görüşlərdə sahibkarların
çətinlikləri öyrənilib, dövlət qurumları ilə birgə müzakirə edilib
və həllinə dəstək göstərilib, onlar maarifləndirilib. 20 000-dək
sahibkarın iştirakı ilə sorğular keçirilib.

KOB-ların maraqlarının müdafiəsi KOBİA-nın fəaliyyətinin mühüm
istiqamətidir və ötən 8 ildə bu sahədə xeyli sayda sahibkarın
hüquqları bərpa edilib. KOBİA “Keyfiyyətin idarə edilməsi, Müştəri
məmnuniyyəti, Təşkilatlarda şikayətlərə baxılması üzrə təlimatlar”
üzrə beynəlxalq ISO sertifikatı əldə edib.

Ötən 8 ildə KOB-lara ünvanlanmış bir sıra yeni dəstək
mexanizmləri yaradılıb. İndiyədək 240-dək KOB subyektinə innovativ
fəaliyyət üzrə onları mənfəət və gəlir vergisindən 3 il müddətinə
azad edən “Startap” şəhadətnaməsi verilib. KOB-ların təhsil, elm,
tədqiqat və dəstək istiqamətləri üzrə 129 layihəsinə 2,2 milyon
manat qrant ayrılıb. KOB subyektləri üçün 70 daxili bazar
araşdırması aparılıb. 140-dək KOB subyektinin istehsal etdiyi
məhsulların iri ticarət şəbəkələrində satışına dəstək göstərilib.
2000-dək KOB subyektinin yerli və beynəlxalq sərgidə iştirakı təmin
edilib ki, bu platformalarda sahibkarlar öz məhsullarını tanıda
bilib, satış və ixrac imkanlarını artırıb. Quba və Sumqayıtda
olmaqla iki KOB klaster şirkəti yaradılıb və onlara vergi və gömrük
güzəştlərini nəzərdə tutan “KOB klaster şəhadətnaməsi” verilib.




KOB sektorunun rəqəmsallaşması sahəsində də mühüm addımlar
atılıb. Biznesin inkişafının bütün mərhələlərində sahibkarlara
geniş çeşidli elektron xidmətlər təmin edən e-KOB evi portalı beta
versiyada istifadəyə verilib. Yeni ildən portal tam fəaliyyət
göstərəcəkdir.

Agentlik tərəfdaş qurumlar və özəl sektor ilə birgə ötən 8 ildə
KOB-lar üçün bir sıra sosial layihə və proqramlar həyata keçirib.
“Qarabağ KOB-ları” layihəsi çərçivəsində 220 qazi və şəhid
ailəsinin üzvünün biznesə başlamasına dəstək verilib. “Gənclərin
biznes emalatxanası” layihəsi üzrə 65 gəncin biznesə başlamasına
dəstək göstərilib. “Uğurla tərəfdaşlıqda qadın sahibkarlar”
layihəsi çərçivəsində 70 qadın sahibkara dəstək göstərilib. “Bizdən
biznesə” startap layihəsi üzrə startap ideyaların
reallaşdırılmasına mentorluq və maliyyə dəstəyi təmin olunub.
“İnvestisiya səyahəti” layihəsi çərçivəsində regionlarda fəaliyyət
göstərən yüzlərlə biznes subyekti qiymətli kağızlar bazarı barədə
məlumatlandırılıb. Masallı və Sumqayıtda yaradılmış Sosial
Sahibkarlıq və Məşğulluq Mərkəzləri tərəfindən 250 sosial həssas
şəxs üçün peşə təlimi keçirilib və işlə təminata dəstək verilib.
“KOB könüllüləri proqramı”nda 850 gənc könüllü olub.

Sahibkarların uğurlarının cəmiyyətə daha geniş tanıdılması,
biznes düşüncə tərzinin təşviqi və dövlət-özəl sektor arasında
əməkdaşlığın daha da möhkəmləndirilməsi məqsədilə 2022-ci ildən
etibarən biznes subyektlərinə KOBİA-nın təsis etdiyi “Dayaq”
mükafatı təqdim edilir.

KOB-lara dəstək, yerli və xarici sahibkarlar arasında əlaqələrin
genişləndirilməsi, birgə layihələrin icrası, təcrübə mübadiləsi və
s. kimi istiqamətləri əhatə edən 34 ölkənin müvafiq qurumları və 27
yerli və beynəlxalq təşkilatlar ilə 122 Anlaşma Memorandumu və
sənədlər imzalanıb. Qətər, Səudiyyə Ərəbistanı, Ukrayna, İraq,
Vyetnam, Birləşmiş Ərəb Əmirlikləri ilə 6 birgə biznes şurası
yaradılıb. KOBİA-nın təşkilatçılığı və iştirakı ilə indiyədək
15-dən artıq beynəlxalq tədbir keçirilib. COP29 çərçivəsində
KOBİA-nın irəli sürdüyü “KOB-ların yaşıl keçidi üçün Bakı İqlim
Bəyannaməsi”nə artıq 30-a yaxın yerli və beynəlxalq tərəfdaş
qoşulub.

Bu ardıcıl və sistemli fəaliyyət nəticəsində 2018-2024-cü
illərdə KOB-ların sayı 74%-ə yaxın artaraq 424 000-ni ötüb. Hazırda
ölkə üzrə qeydiyyatdan keçmiş sahibkarlıq subyektlərinin 99,7%-ni
KOB subyektləri təşkil edir. 2018-2024-cü illərdə KOB-ların
yaratdığı əlavə dəyərin həcmi 2 dəfədən çox artaraq 9,8 milyard
manatdan 21,1 milyard manata çatıb. KOB-ların əlavə dəyərdə payı
13,4%-dən 18,5%-ə yüksəlib. KOB subyektləri üzrə işçilərin sayı
47,6% artaraq 417 800 nəfəri keçib. KOB-ların dövriyyəsi
2019-2024-cü illərdə 54,5% artaraq 48 milyard manat olub ki, bu da
ölkə üzrə qeyri-neft dövriyyəsinin 37,4%-ni təşkil edir.

Ötən 8 ildə dövlətin KOB-lara göstərdiyi sistemli dəstək və əldə
olunan nəticələr KOBİA-nın fəaliyyətinin beynəlxalq səviyyədə də
yüksək qiymətləndirilməsinə səbəb olub. İqtisadi Əməkdaşlıq və
İnkişaf Təşkilatının (OECD) Dövlət Sektorunda İnnovasiyalar üzrə
Tədqiqat Mərkəzinin keçirdiyi müsabiqədə Azərbaycanın KOB evi
modeli innovativ təcrübə kimi seçilib və tətbiqi tövsiyə olunub.
“KOB siyasəti indeksi – 2024” üzrə hesabatın yekunlarına əsasən
ölkəmizin mövqeyi 2020-ci il üzrə qiymətləndirmə hesabatının
nəticələri ilə müqayisədə 12 indikatordan 9-u üzrə irəliləyib.
Kiçik Biznes üzrə Beynəlxalq Şura (ICSB) tərəfindən 2023-cü ildə
KOBİA-ya KOB sektorunun dəstəklənməsində nümunəvi fəaliyyətə görə
tanınma sertifikatı təqdim edilib. Avropa İttifaqının “Azərbaycanda
biznes mühiti – 2024” hesabatında Avropa şirkətlərinin dövlət
qurumlarının fəaliyyətinin qiymətləndirilməsi sorğusuna əsasən
KOBİA mütləq lider olub.

Qarşıdakı illərdə KOB-lara göstərilən dəstək və xidmətlərin
təkmilləşdirilməsi, effektivliyinin artırılması və sahibkarlar üçün
daha əlçatan olması, biznesin ehtiyacına uyğun yeni dəstək
mexanizmlərinin tətbiqi, KOB-ların rəqəmsallaşdırılması və yaşıl
keçidinə dəstək, dayanıqlı biznes modellərin təşviqi KOBİA-nın
fəaliyyətinin prioritetləri sırasında olacaqdır.