AHİK uşaqlar üçün bayram şənlikləri təşkil edib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) 31
Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il
ərəfəsində ölkəmizin bütün şəhər və rayonlarında uşaqlar, o
cümlədən ittifaq üzvlərinin və şəhidlərimizin övladları üçün bayram
şənlikləri təşkil edib, görüşlər keçirib.

AHİK-dən Trend
verilən məlumata görə, tədbirlər işğaldan azad edilmiş əraziləri –
Qarabağ və Şərqi Zəngəzuru da əhatə edib. Doğma yurdlarına qayıdan
ailələrin övladları ilə keçirilən görüşlər xüsusi rəmzi məna
daşıyıb, uşaqların öz torpaqlarında bayramı qeyd etməsi şənliklərə
daha fərqli ab-hava qatıb.

Xankəndi və Şuşa şəhərlərində, eyni zamanda Cəbrayıl, Füzuli,
Ağdam, Ağdərə, Kəlbəcər, Laçın, Xocalı və Zəngilan rayonlarında baş
tutan bayram tədbirlərində çıxış edən AHİK nümayəndələri
məktəbliləri qarşıdan gələn əlamətdar günlər münasibətilə təbrik
edib, onlara təhsillərində uğurlar arzulayıblar.

Qeyd olunub ki, dövlətimiz tərəfindən işğaldan azad olunan
ərazilərimizdə yaradılan müasir infrastruktur və sosial şərait
şagirdlərin doğma yurdlarında keyfiyyətli təhsil almalarına və
hərtərəfli inkişafına geniş imkanlar yaradır.




Bayram tədbirlərində gələcəyin vətənpərvər, dərin zəkalı,
intellektual gəncliyi olacaq bugünkü uşaqların yüksək səviyyədə
təhsillə təmin edilməsi, layiqli vətəndaş kimi yetişməsi
istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan
genişmiqyaslı işlərdən, eləcə də birinci xanım Mehriban Əliyevanın
rəhbərlik etdiyi Heydər Əliyev Fondunun həyata keçirdiyi
layihələrdən bəhs olunub.

Vurğulanıb ki, uşaqlara diqqət göstərilməsi, onların asudə
vaxtının maraqlı və yaddaqalan təşkili həmkarlar ittifaqlarının
fəaliyyət istiqamətlərindəndir və bu məqsədlə müxtəlif sosial
layihələr həyata keçirilir.

Tədbirlər zamanı şagirdlər vətənpərvərlik mövzusunda şeirlər
səsləndirib, bayram əhval-ruhiyyəsində çıxışlar edib, doğma
torpaqlarda yaşamağın sevincini bölüşüblər.

Bayram şənlikləri sağlamlıq imkanları məhdud və xüsusi qayğıya
ehtiyacı olan uşaqların təhsil aldıqları məktəblərdə də
keçirilib.