Bayramqabağı hinduşka ətinin qiymətində artım gözlənilir?

Baş səhifə

Bakı.Trend:

Azərbaycanda bayram günləri yaxınlaşdıqca bazarlarda canlanma
müşahidə olunur. Bu isə ərzaq məhsullarının qiymətləri ilə bağlı
sualların yaranmasına səbəb olur. Bayramqabağı istehlak tələbatının
artması, xüsusilə ət bazarına təsir edir. Hinduşka və toyuq ətinə
olan tələbin artması isə bu məhsulların qiymətlərinin yüksəlməsi
ehtimalını gündəmə gətirir. Bayram süfrələrində ən çox tələb olunan
ət növləri hinduşka və toyuq ətidir ki, bu da təbii olaraq bazarda
qiymət artımına səbəb ola bilər.

Hinduşka və toyuq ətinin qiyməti nə qədər artacaq və
nə vaxta qədər davam edəcək?

Mövzu ilə bağlı Trend-ə “Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və
İxracatçıları Assosiasiyası” İctimai Birliyinin sədri Mürvət
Həsənli açıqlamasında bildirib ki, sənaye üsulu ilə intensiv
qaydada istehsal olunan toyuq ətinin qiymətində azalma müşahidə
edilir.

Onun sözlərinə görə, hinduşka ətinə qış aylarında tələbat
çoxalıb, xüsusilə bayram günlərində hinduşkanın satış qiymətində
nisbətən artım müşahidə ediləcək:




“Hinduşka əti Azərbaycanda intensiv şəkildə istehsal olunmur.
Yəni, sənaye üsulu ilə satış məqsədli istehsal yoxdur. Hazırda
hinduşka ətinin 1 kilosu 18-20 manat aralığında satılır, bayram
günlərində isə 25 manatadək artım gözlənilir. Qeyd edim ki, bu
daimi artım deyil, bayramdan sonra yenidən öz köhnə qiymətinə
qayıdacaq”.

M.Həsənli vurğulayıb ki, hinduşka əti ölkəmizdə dekabr, yanvar
və fevral aylarında əsasən istehlak olunur.

“İl ərzində Azərbaycanda bir nəfər təxminən yarım kiloqram
hinduşka əti istehlak edir. Bu səbəbdən ölkə üzrə hinduşka
istehsalı daxili tələbatı ödəmək həcmindədir. Adambaşına təxminən
18-20 kiloqram toyuq əti yeyilir. Son aylarda ölkədə iribuynuzlu
heyvanlar arasında yayılan dabaq xəstəliyi toyuq və quş ətinə
tələbatı artırıb. Məsələn 2024-cü ilin göstəricilərinə görə
adambaşına 147 ədəd yumurta istehlak edilirdisə, bu il həmin rəqəm
184 ədədə qalxıb. Toyuq əti isə 16 kilo istehlak edilirdisə, bu il
20 kiloyadək artıb. Buna qırmızı ətin bahalığı və dabaq xəstəliyi
səbəb olub. Ümumilikdə bir insan Azərbaycanda 34 kiloqram ət
yeyirsə, bunun 20 kilosunu toyuq əti təşkil edir. Toyuq əti daha
sağlıqlı və ucuzdur”,- deyə o əlavə edib.