
Bakı. Trend:
Daxili İşlər Nazirliyi bayram günlərində işğaldan azad olunan
ərazilərə səfərə çıxan şəxslərə müraciət edib.
DİN Mətbuat Xidmətindən Trend-ə bildirilib ki, yalnız müvafiq icazəsi olan
şəxslərin sərbəst və maneəsiz gediş-gəlişi təmin olunacaq.
Qeyd edilib ki, müvəqqəti polis postlarında təqdim edilən
təlimat-bildirişlərə uyğun davranmalı, əvvəlcədən müəyyən olunmuş
marşrutlarla hərəkət edilməlidir. Əraziyə tez alışan və partlayıcı
maddə aparmamalı, yalnız istirahət üçün nəzərdə tutulan yerlərə
səfər edilməlidir. İctimai narahatlıq yaradan hallardan çəkinməli,
vətəndaşlar davranışları ilə sabitlik mühitinə xələl
gətirməməlidirlər.
Vurğulanıb ki, bu qaydalara əməl etmək həm vətəndaşların həyat
və sağlamlığı, həm də bölgənin təhlükəsizliyi naminə zəruridir.
“Xankəndi, Şuşa, Laçın, Kəlbəcər, Zəngilan, Xocalı – Qarabağın
hər bir güşəsi həmrəylik və firavanlıq simvoludur. Gəlin, bu
torpaqların ənənələrinə sadiq davranaq, daha çox məsuliyyətli, daha
çox həmrəy olmaqla ömür səhifəmizə xəta-bəlasız, sevgi və
xoşbəxtlik dolu xatirələr həkk edək”, – deyə müraciətdə
deyilib.
Qeyd edilib ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və
Yeni ili müqəddəs diyarlarda – doğma Qarabağda qeyd etmək bayrama
xüsusi şövq qatır. Polis əməkdaşları bu sevinc və qürura uyğun
davranır, vətəndaşların tətil günlərini işğaldan azad olunmuş
torpaqlarda əmin-amanlıq şəraitində keçirməsi üçün gücləndirilmiş
iş rejimində çalışır, təhlükəsizliyi təmin etmək naminə bütün
zəruri tədbirləri həyata keçirirlər.

