
Bakı. Trend:
Bayram günlərində ən çox yol verdiyimiz səhvlərdən biri
həddindən artıq qidalanmaqdır. Süfrələrin bol və çeşidli olması
insanı normadan artıq yeməyə sövq edir ki, bu da mədə-bağırsaq
sistemində ağırlaşma, köp, həzm pozğunluğu və ümumi narahatlıq
yarada bilər. Bu cür fəsadların qarşısını almaq üçün qidalanmanın
optimal rejiminə əməl etmək, porsiyalara diqqət yetirmək və müəyyən
həddi gözləmək məqsədəuyğundur.
Trend xəbər verir ki, bu
barədə AQTİ məlumat yayıb.
Bildirilir ki, digər geniş yayılmış səhv müxtəlif qidaların
uyğunluğuna fikir verilmədən qarışıq şəkildə istehlak edilməsidir.
Zülal, karbohidrat və yağların bir-biri ilə düzgün
uyğunlaşdırılmaması həzm prosesini çətinləşdirir və orqanizmdə
ağırlıq hissinə səbəb olur. Buna görə də qidalar balanslı şəkildə
seçilməlidir.
“Bayram süfrələrində qızardılmış və yağlı yeməklərə üstünlük
verilməsi də sağlamlıq baxımından arzuolunan deyil. Bu cür yeməklər
həzm sisteminə əlavə yük salır və artıq çəki riskini artırır.
Əslində isə qızartmalar əvəzinə sobada və ya buğda bişirilmiş balıq
və ət yeməklərinə üstünlük verilməsi həm daha sağlamdır, həm də
qidaların faydalı maddələrinin qorunmasına imkan yaradır.
Yüksək kalorili sousların, xüsusilə mayonezin artıq miqdarda
istifadəsi də qidalanmada yol verilən səhvlərdəndir. Mayonez
əvəzinə qatıq, kefir və ya xamadan hazırlanmış daha yüngül və
faydalı souslardan istifadə edilməsi tövsiyə olunur.
Bayram günlərində maye qəbuluna xüsusi diqqət yetirmək sağlamlıq
baxımından olduqca vacibdir. Yemək vaxtı və ya dərhal sonra su
içilməsi həzmi zəiflədə, qazlı və şəkərli içkilərin qəbulu isə
mədə-bağırsaq problemlərinə səbəb ola bilər. Daha düzgün yanaşma
suyu yeməkdən təxminən 30 dəqiqə əvvəl ilıq halda içmək, qazlı və
şəkərli içkilərdən mümkün qədər uzaq durmaqdır”, – qurumdan əlavə
edilib.


