Leyla Əliyeva və Alena Əliyeva Uşaq İncəsənət Festivalının yekun mükafatlandırma mərasimində iştirak ediblər

Baş səhifə

Bakı. Trend:

Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev
Mərkəzinin təşkilatçılığı ilə növbəti Uşaq İncəsənət Festivalına
yekun vurulub. Dekabrın 26-da Heydər Əliyev Mərkəzində festivalın
yekun mükafatlandırma mərasimi keçirilib.

Trend xəbər verir
ki, mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva
və Alena Əliyeva iştirak ediblər.

Əvvəlcə festival barədə məlumat verilib. Bildirilib ki, 2023-cü
ildən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın
təşəbbüsü ilə keçirilən festivalın məqsədi milli-mənəvi dəyərlərin
gənc nəslə aşılanması, ənənəvi incəsənət sahələrinin qorunub
yaşadılması və dövlətinə, vətəninə bağlı gəncliyin
yetişdirilməsidir. Layihə, eyni zamanda, Azərbaycan Respublikasının
Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi
Heydər Əliyev Fondunun mədəniyyət və gənc istedadların
dəstəklənməsi istiqamətində həyata keçirdiyi fəaliyyətin tərkib
hissəsidir.

Uşaq İncəsənət Festivalı təkcə müsabiqə formatı ilə deyil, həm
də uşaqların inkişafına yönəlmiş geniş yaradıcılıq platforması kimi
çıxış edərək, onların komanda işi, səhnə mədəniyyəti, yaradıcı
yanaşma və özünüifadə bacarıqlarının formalaşmasına töhfə verir. Bu
platforma Uşaq İncəsənət Festivalını artıq müsabiqə formatından
çıxararaq, ölkə üzrə istedad bankının formalaşdırılmasına xidmət
edən bir mədəniyyət mexanizminə çevirib. Belə ki, Azərbaycanın
bütün bölgələrindən olan 6–17 yaş aralığındakı uşaqları bir araya
gətirən festival ötən müddətdə peşəkar və həvəskar kateqoriyalar
üzrə yaradıcılıq mübadiləsi üçün geniş imkanlar yaradıb.

2025-ci ilin mart ayından start götürən builki festivala 27
mindən çox iştirakçı müraciət edib və bu göstərici layihənin geniş
miqyasını, uşaqların incəsənətə artan marağını bir daha
təsdiqləyir.

Seçim mərhələlərinin nəticələrinə əsasən 19 fərdi və 5 kollektiv
nominasiya üzrə qaliblər müəyyənləşdirilib. Beləliklə, festival
üzrə ümumi qalib sayı 512 nəfər olub.

Tədbirdə çıxış edən mədəniyyət naziri Adil Kərimli Prezident
İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən mədəniyyət
siyasətinin əsas istiqamətlərindən birinin gənc kadrların, gənc
istedadların üzə çıxarılmasına dövlət dəstəyinin göstərilməsi
olduğunu bildirib. Nazirin sözlərinə görə, Birinci vitse-prezident
Mehriban Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondu
tərəfindən gənc istedadların müəyyən edilməsi, onların təhsilinin,
eyni zamanda, fərdi inkişafının dəstəklənməsi istiqamətində
çoxsaylı layihələr həyata keçirilməkdədir.

“Bu illər ərzində bizim bir çox gənc istedadlarımız Heydər
Əliyev Fondu, şəxsən Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi
ilə xaricdə təhsil proqramlarına cəlb olunublar, onların fərdi
inkişafı istiqamətində müxtəlif addımlar atılıb. Uşaq İncəsənət
Festivalı isə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla
Əliyevanın təşəbbüsü və ideyası ilə keçirilir. Qarşıya qoyulan
tapşırıqlardan biri də o idi ki, bütün ölkə ərazisində yaradıcı
təfəkkürə malik gənc istedadların, xüsusi fitri istedada sahib olan
uşaqların müəyyən edilməsi, onların üzə çıxarılması, onlarla fərdi
inkişaf işinin aparılması istiqamətində bir mexanizm qurulsun. Bu
layihə də məhz həmin ideya əsasında ərsəyə gəldi. Məzmununa və
ideyasına görə çox mühüm bir layihə olan və ikinci dəfədir
keçirilən Uşaq İncəsənət Festivalı, sadəcə, bir tədbir deyil.
Festivala paytaxtın rayonları da daxil olmaqla ümumilikdə 86 şəhər
və rayondan uşaqlar və gənclər müraciət etdilər. Üç mərhələli seçim
əsasında 24 nominasiya üzrə qaliblər müəyyənləşib. Bu, yaradıcı
şəxslərin üzə çıxarılması üzrə əhatəli bir platformadır. Burada
gənc istedadların kadr bankı formalaşmış olur. Yaradılan elektron
analitik platforma əsasında hər bir bölgədə hansı istedadların
olduğunu, incəsənətin müxtəlif növlərinə daha çox meyli olan
bölgələri müəyyən edirik. Bilirik ki, hansı bölgədə hansı
istedadlar mövcuddur. Bu, həm gələcəkdə mədəniyyət sahəsi üzrə data
əsaslı idarəetməyə imkan verir, həm də peşəkar heyətin
formalaşdırılması üçün ilkin mərhələdə onların müəyyən edilməsini
və peşəkar təhsilə, sonra da peşəkar mədəniyyət sahəsində
idarəetməyə gətirilməsi üçün geniş imkanlar yaradır”, – deyə
mədəniyyət naziri vurğulayıb.

Sonra festivalın qaliblərinin mükafatlandırılması mərasimi olub.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva qalibləri
təbrik edib, onlara uğurlar arzulayıb.

Daha sonra isə qaliblərin ifasında konsert proqramı təqdim
olunub. Proqram çərçivəsində qaliblər solo çıxışlarla yanaşı,
tanınmış incəsənət xadimləri ilə duet nömrələri və xüsusi
hazırlanmış musiqi-səhnə kompozisiyaları ilə çıxış ediblər.

Festivalın rəsm nominasiyası üzrə qalib olan 5 nömrəli
Uşaq-Gənclər İnkişaf Mərkəzinin üzvü on yaşlı Melissa Quliyeva
AZƏRTAC-a müsahibəsində qədim bazarlarımızı təsvir etdiyi əsərinin
qalib seçildiyini bildirib: “Qaliblər arasında olduğum üçün çox
sevincliyəm. Bundan sonra da üzərimdə çalışacağam və daha gözəl
işlər ərsəyə gətirəcəyəm”.

Akademik vokal üzrə birinci yer tutan on iki yaşlı Raul Hüseynov
bəstəkar Fikrət Əmirovun əsərlərindən olan “Gülərəm, gülsən”
mahnısı ilə qalib olub. O, rəqiblərinin kifayət qədər güclü
olduğunu, lakin qələbə qazanmaqda çətinlik çəkmədiyini deyib. Raul
üç ildir musiqi ilə məşğul olduğunu və ilk dəfə birinci yeri
tutduğunu qeyd edib. R.Hüseynov gələcəkdə bu istiqamətdə
fəaliyyətinə davam etməyi və Azərbaycanı beynəlxalq arenalarda
təmsil etməyi düşünür.

Qeyd edək ki, Uşaq İncəsənət Festivalı inklüzivlik prinsiplərinə
əsaslanaraq hər bir uşağın bərabər iştirakını təmin edir. Festival
çərçivəsində qarmon ifaçılığı, dekorativ-tətbiqi sənət və rəssamlıq
nominasiyaları üzrə sağlamlıq imkanları məhdud olan uşaqlar da
iştirak edib və qalib olublar. Xüsusi qayğıya ehtiyacı olan uşaqlar
üçün yaradılmış əlçatan mühit onların istedadlarını sərbəst nümayiş
etdirməsinə imkan verib. Festival mədəniyyət sahəsində bərabər
imkanların və sosial inteqrasiyanın təşviqinə xidmət edir.

Layihənin növbəti illərdə daha geniş proqramla davam etdirilməsi
və minlərlə uşağın yaradıcılıq yoluna dəstək olması nəzərdə
tutulur.