
Bakı. Trend:
Cənubi Qafqazda uzun illər davam edən münaqişə, qarşıdurma və
etimadsızlıq regionun inkişaf potensialını ciddi şəkildə
məhdudlaşdırıb. Lakin son dövrlər müşahidə olunan proseslər
göstərir ki, Azərbaycan regional sabitliyin və davamlı sülhün təmin
olunması üçün ardıcıl və praqmatik addımlar atır. Bu addımlar
yalnız siyasi bəyanatlarla deyil, konkret humanitar və iqtisadi
təşəbbüslərlə də özünü göstərir. Azərbaycan sülhü sözlə yox, real
addımlarla qurur.
Bunu Trend-ə
politoloq Azər Qarayev deyib.
“Son vaxtlar diqqət çəkən mühüm məqamlardan biri Azərbaycanın öz
ərazisi vasitəsilə Rusiyadan və Qazaxıstandan Ermənistana taxıl
məhsullarının tranzitinə şərait yaratmasıdır. Artıq Rusiyadan iki,
Qazaxıstandan isə bir taxıl partiyası Azərbaycan ərazisindən
tranzitlə keçərək Ermənistana çatdırılıb. Bu fakt təkcə iqtisadi
deyil, eyni zamanda siyasi və humanitar baxımdan da əhəmiyyətlidir.
Azərbaycanın bu addımı regionda kommunikasiya xətlərinin açılmasına
və qarşılıqlı faydanın qazanılmasına xidmət edir. Bakı dəfələrlə
bəyan edib ki, nəqliyyat və ticarət yollarının açılması yalnız bir
ölkənin deyil, bütün regionun maraqlarına cavab verir. Taxıl kimi
strateji məhsulun maneəsiz tranziti isə bu mövqenin praktik
təsdiqidir”, – o bildirib.
A.Qarayev qeyd edib ki, bununla yanaşı, daha bir diqqətçəkən
məqam Azərbaycanın Ermənistana benzin tədarükünə başlamasıdır.
“Enerji resursları sahəsində əməkdaşlıq xüsusilə həssas və
strateji sahə hesab olunur. Belə bir şəraitdə Azərbaycan tərəfindən
Ermənistana yanacaq ixracının həyata keçirilməsi Bakının
konfrontasiyadan deyil, əməkdaşlıqdan yana olduğunu açıq şəkildə
göstərir. Bu addımların fonunda bir məsələ xüsusilə vurğulanmalıdır
ki, Azərbaycan bütün bu təşəbbüsləri birtərəfli qaydada, yəni qarşı
tərəfdən eyni səviyyədə siyasi iradə və ya konstruktiv yanaşma
görmədən həyata keçirir. Bakı üçün əsas prioritet uzunmüddətli
sülh, regional sabitlik və iqtisadi inteqrasiyadır”, – o
bildirib.
Politoloq vurğulayıb ki, Prezident İlham Əliyev son illərdə
dəfələrlə bəyan edib ki, Cənubi Qafqazda yeni reallıqlar formalaşıb
və bu reallıqlar əməkdaşlıq, qarşılıqlı hörmət və beynəlxalq hüquq
prinsiplərinə əsaslanmalıdır.
“Azərbaycan müharibədən sonra bərpa və inteqrasiyaya üstünlük
verib. İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq
işləri aparılır, eyni zamanda regionun gələcək iqtisadi xəritəsi
formalaşdırılır. Təəssüf ki, bütün bu konstruktiv yanaşmalara
baxmayaraq, Ermənistanda hələ də revanşist çağırışlar, aqressiv
ritorika və keçmişin xülyaları ilə yaşayan siyasi dairələr
mövcuddur. Bu cür çağırışlar nə Ermənistan cəmiyyətinə, nə də
regionun gələcəyinə xidmət edir. Əksinə, onlar Ermənistanın özünü
regional layihələrdən kənarda qoyur və iqtisadi təcridi daha da
dərinləşdirir”, – o bildirib.
Onun sözlərinə görə, Azərbaycanın Ermənistana taxıl tranzitinə
icazə verməsi və benzin tədarükü göstərir ki, Bakı üçün əsas meyar
düşmənçilik deyil, rasional yanaşmadır. Bu addımlar Ermənistan
əhalisinin sosial-iqtisadi vəziyyətinə birbaşa müsbət təsir
göstərir.
“Amma bəzi dairələr, həmçinin Avropadakı müəyyən qüvvələr bütün
bu proseslərə dəstək vermək əvəzinə, qarşısını almağa çalışırlar.
Məsələn, Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi son
qətnamə, eləcə də Aİ-Ermənistan Strateji Gündəliyi açıq şəkildə
göstərir ki, Brüssel regionda neytral vasitəçi rolundan uzaqlaşaraq
birtərəfli siyasi mövqe sərgiləyir. Qətnamə və saziş mətnlərində
istifadə olunan terminologiya, faktların təhrif edilməsi və
selektiv yanaşma sülhə deyil, Ermənistanın siyasi narrativinin
legitimləşdirilməsinə xidmət edir”, – o bildirib.
A.Qarayev qeyd edib ki, sənədlərdə Qarabağdan guya “zorla
köçürülmüş” ermənilərdən, eləcə də “əsirlərin azad edilməsi”
tələblərindən bəhs olunur.
“Halbuki beynəlxalq qurumların, o cümlədən Beynəlxalq Qızıl Xaç
Komitəsinin məlumatlarına əsasən, həmin şəxslər bölgəni könüllü
şəkildə tərk ediblər və bu, Azərbaycanın reinteqrasiya
təkliflərindən imtinadan sonra baş verib. Eyni zamanda, müharibədən
sonra saxlanılan şəxslərin “əsir” kimi təqdim olunması hüquqi
reallıqla uyğunlaşmır: onlar hərbi əsir deyil, Azərbaycan
məhkəmələri tərəfindən konkret cinayətlərə görə məsuliyyətə cəlb
olunmuş şəxslərdir. Bu cür yanaşma həm beynəlxalq hüququn, həm də
postmünaqişə dövrünün reallıqlarının bilərəkdən təhrif
edilməsidir.
Daha narahatedici məqam ondan ibarətdir ki, Avropa sənədləri
Azərbaycanın ərazi bütövlüyünü və 2020-ci ildən sonra formalaşmış
yeni reallıqları faktiki olaraq nəzərə almır, əvəzində Ermənistanın
qeyri-konstruktiv mövqeyinə siyasi bəhanələr yaradır. EUMA müşahidə
missiyasının rolunun genişləndirilməsi, Ermənistanın regional
öhdəliklərinə göz yumulması və balanssız siyasi dəstək regionda
sülh prosesini zəiflədən amillərə çevrilir. Bu fonda Azərbaycanın
taxıl tranziti, yanacaq tədarükü və kommunikasiya xətlərinin
açılması ilə bağlı təşəbbüsləri bir daha göstərir ki, real sülhü
bəyanatlar yox, konkret və məsuliyyətli addımlar formalaşdırır”, –
o bildirib.
Politoloq hesab edir ki, Azərbaycanın bütün atdığı addımlar
ölkənin humanitar məsuliyyətini və regional liderliyini nümayiş
etdirir.
“Qeyd etmək lazımdır ki, bu təşəbbüslər təkcə ikitərəfli
münasibətlər kontekstində deyil, daha geniş geosiyasi çərçivədə də
mühüm əhəmiyyət daşıyır. Azərbaycan bu gün Şərq-Qərb və Şimal-Cənub
nəqliyyat dəhlizlərinin əsas qovşaqlarından biridir. Bu status
Bakıya həm imkanlar yaradır, həm də məsuliyyət yükləyir. Azərbaycan
bu məsuliyyəti anlayaraq tranzit ölkə kimi etibarlı tərəfdaş
olduğunu bir daha sübut edir. Bütün bunların fonunda sual yaranır:
sülhə aparan real addımlar kim tərəfindən atılır? Faktlar açıq
şəkildə göstərir ki, Azərbaycan ritorika ilə deyil, əməli
fəaliyyətlə sülh gündəliyini irəli aparır. Taxıl tranziti, yanacaq
tədarükü, kommunikasiya xətlərinin açılması ilə bağlı təkliflər –
bunların hamısı Bakının strateji baxışının tərkib hissəsidir.
Ermənistan isə seçim qarşısındadır: ya revanşist illüziyalarla
keçmişə bağlanmaq, ya da regionda formalaşan yeni reallıqları qəbul
edərək əməkdaşlıq yolunu tutmaq. Tarix göstərir ki, ikinci yol həm
daha rasional, həm də daha perspektivlidir”, – o bildirib.
A.Qarayev qeyd edib ki, nəticə etibarilə, Azərbaycanın atdığı bu
addımlar sülhün alternativsiz olduğunu bir daha sübut edir.
“Bakı açıq şəkildə göstərir ki, sülh yalnız sənədlərdə deyil,
real iqtisadi və humanitar əməkdaşlıqda formalaşır. Regionun
gələcəyi də məhz bu yanaşmadan asılıdır. Azərbaycan bu gələcəyin
qurulmasında aparıcı rol oynamağa hazırdır və artıq bunu konkret
addımlarla nümayiş etdirir”, – politoloq əlavə edib.


