Kim Çen In 2026-cı ildə Şimali Koreyada sursat istehsalını artırmağa çağırıb

Baş səhifə

Bakı. Trend:

Şimali Koreyanın Dövlət Şurasının sədri Kim Çen In 2026-cı ilə
qədər sursat və raket istehsalı planlarının artırılmasının
vacibliyini bildirib.

Trend-in məlumatına görə, bu barədə Koreya Mərkəzi Teleqraf
Agentliyi xəbər verib.




Kim Çen In hərbi-sənaye kompleksinin obyektlərini ziyarət
edərək, 2025-ci ilin dördüncü rübündə raket və mərmi istehsalının
gedişatını yoxlayıb. Şimali Koreya rəhbəri aparıcı müəssisələrin
beşillik planın son ili olan 2025-ci il üçün istehsal planını
uğurla yerinə yetirdiyini və bununla da ölkənin müdafiə
qabiliyyətinin gücləndirilməsinə töhfə verdiyini qeyd edib.

“Yoldaş Kim Çen In dövlətin silahlı qüvvələrinin raket və
artilleriya bölmələrinin gələcək tələbatına uyğun olaraq, inkişaf
perspektivlərinə əsaslanaraq 2026-cı il üçün istehsal planının
artırılmasının zəruriliyini qeyd edib”, – deyə agentlik bildirib.
Buna nail olmaq üçün “əlaqəli istehsal müəssisələrinin texniki
bazasının gücləndirilməsi və ümumi istehsal gücünün
genişləndirilməsi” lazımdır.