
Bakı.Trend:
Ağdamda yeni istifadəyə verilən hoteldə 120 nəfər daimi işlə
təmin edilib.
Trend-in
Qarabağ bürosunun məlumatına görə, bu barədə Prezident izi ilə
Ağdama təşkil olunmuş mediatur zamanı yeni istifadəyə verilən
“Hilton Garden Inn Agdam” hotelinin direktoru Anar İbrahimov
jurnalistlərə müsahibəsində bildirib.
Onun sözlərinə görə, ümumi sahəsi 2 hektardan artıq olan
mehmanxana kompleksi 2, 6 və 7 mərtəbəli olmaqla üç blokdan
ibarətdir. 287 yerlik hotel binasında müxtəlif kateqoriyalara aid
ümumilikdə 127 otaq mövcuddur. Kompleksdə restoran və ictimai-iaşə
zonası, iclas, tədbir və ziyafət zalları, qapalı üzgüçülük hovuzu
və idman zalı yaradılıb. Hotelin ərazisində geniş abadlıq işləri də
aparılıb.
A.İbrahimov qeyd edib ki, hotelin fəaliyyətə başlaması ilə 120
nəfər daimi işlə təmin olunub. İşə qəbul edilənlərin əksəriyyəti
Ağdam və ətraf rayonların sakinləridir.
Yeni hotel Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi, Ağdam Muğam
Mərkəzi, Ağdam Sənaye Parkı və digər mühüm sosial infrastruktur
obyektlərinin yaxınlığında yerləşir.
Bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən
bərpa və yenidənqurma işləri çərçivəsində turizm infrastrukturunun
formalaşdırılması əsas prioritet istiqamətlərdən biri kimi
müəyyənləşdirilib. Bu məqsədlə müasir tələblərə cavab verən hotel
və mehmanxana komplekslərinin tikintisi həyata keçirilir, turizm
potensialının reallaşdırılması üçün zəruri şərait yaradılır.
Sözügedən layihələr “Azərbaycan Respublikasının işğaldan azad
edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun
icra olunur.
Vurğulanıb ki, bu hotellər memarlıq baxımından ərazinin təbii
landşaftına uyğun layihələndirilir, ekoloji standartlara və müasir
xidmət prinsiplərinə əsaslanır. Turizm obyektləri turistlərin rahat
yerləşməsi və istirahəti üçün geniş imkanlar yaradır, eyni zamanda
bölgədə iqtisadi fəallığın artmasına, yeni iş yerlərinin
yaradılmasına və sahibkarlığın inkişafına töhfə verir. Bu proses
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ölkənin turizm
potensialında mühüm yer tutmasına zəmin yaradır.
Qeyd edək ki, Prezident İlham Əliyev və Birinci xanım Mehriban
Əliyeva 2022-ci ildə Ağdam şəhərində mehmanxana kompleksinin
təməlqoyma mərasimində iştirak ediblər. Bu ilin fevral ayında isə
kompleksdə görülən tikinti işləri ilə tanış olublar.


