
Bakı.Trend:
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə (QSC)
məxsus Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190”
təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğramasından bir il
ötür. “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü
olmaqla, ümumilikdə 67 nəfər olub. Baş verən təyyarə qəzası
nəticəsində 38 nəfər həlak olub, 29 nəfər isə yaralanıb. Həyatını
itirənlərdən üçü ekipaj üzvü olub.
Prezident İlham Əliyev “Azərbaycan Hava Yolları” QSC-yə məxsus
“Embraer 190” tipli sərnişin təyyarəsi Bakı–Qroznı (Rusiya
Federasiyası) reysini yerinə yetirərkən baş vermiş qəza zamanı
yüksək peşəkarlıq və şücaət göstərmiş şəxslərin təltif edilməsi
haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən təyyarənin ekipaj
üzvlərinə – İqor İvanoviç Kşnyakin, Aleksandr Georgiyeviç
Kalyaninov, Hökumə Cəlil qızı Əliyevaya ölümlərindən sonra
Azərbaycanın Milli Qəhrəmanı adı verilib.
“Höküməsiz keçən bir ili təsvir belə edə bilmərəm. 10,20 və daha
çox illər də keçsə dərdimiz bizimlə yaşayacaq. İçimizdə yanğın,
qasırğa, tufan hansı hiss axtarsanız var”.
Bu fikirləri Trend-ə açıqlamasında Milli Qəhrəman Hökümə Əliyevanın
atası Cəlil Əliyev deyib.
O bildirib ki, Hökümənin ən böyük arzusu Kəlbəcərdən ev almaq
olub.
“Qismət elə gətirdi ki, cənab Prezident İlham Əliyev özü
ailəmizə Kəlbəcərdə evin açarlarını təqdim etdi. Hazırda özüm
Samuxda yaşayıram, oğlum isə ailəsi ilə birlikdə Kəlbəcərdə həmin
evdə. Oğlum Kəlbəcərdə DOST mərkəzində çalışır”.
C.Əliyev qeyd edib ki, torpaqlarımız işğal olunduqdan sonra
ailəlikcə Rusiya və Azərbaycanın müxtəlif ərazilərində
yaşayıblar:
“Topraqlarımız işğaldan azad edilənədək məcburi köçkün kimi
Rusiya və Azərbaycanın müxtəlif ərazilərində, 2003-cü ildən isə
Samuxda məskunlaşmışıq. Hökümədən soruşanda ki nə üçün stüardessa
kimi çalışmaq istəyirsən, deyirdi ki, müxtəlif şəhərlərdə yaşamışıq
və fərqli yerlərdə olmaq mənim hobbimdir. Hökümə Bakının Nəsimi
rayonunda özünə ev almışdı. Bir ildir ki, onun evinə yaxın gedə
bilmirəm”,-deyə o bildirib.
Atası vurğulayıb ki, Hökümə çox sakit təbiətli, öz hüquqlarını
yaxşı bilən biri olub.
“Qızım 2016-cı ildən etibarən Azərbaycan Hava Yollarında əvvəlcə
tərcüməçi, sonra isə təyyarə bələdçisi kimi işləməyə başlayıb.
2024-cü ilin sentyabrında Azərbaycan Hava Yollarında hüquqşünas
kimi çalışmaq üçün imtahan vermişdi, məhz son (təyyarə qəzasının
baş verdiyi) uçuşundan sonra yeni vəzifəsinin icrasına
başlayacaqdı. Hökümə magistratura təhsili üçün Liverpul
Universitetinə qəbul olunmuşdu, lakin getməsinə icazə
vermədim”.
C.Əliyev bildirib ki, Prezident İlham Əliyev onlarla görüşəndə
təyyarə qəzasına səbəb olanların layiqli cəzalarını alacaqlarını
bildirib.
Hökümə Əliyevanın atası qızına olan hörmət və diqqəti xüsusi
vurğulayıb:
“Qazaxıstanda istehsal olunan zirehli hərbi ambulansa
Azərbaycanın Milli Qəhrəmanı Hökumə Əliyevanın adı verilib. Böyük
humanizm göstərdiyinə görə Hökümə Çingiz Aytmatov adına medal ilə
təltif olunub. Polşada Azərbaycan Diaspora təşkilatı Tələbə Gənclər
Təşkilatı ilə birgə “Hökümə Əliyeva adına” təqaüd təsis edilib.
Artıq 7 nəfər azərbaycanlı tələbə həmin təqaüddən yararlanır”.
C.Əliyev əlavə edib ki, Hökümənin ailəsi səbrsizliklə təyyarə
qəzasınının baş verməsinə səbəb olanların yaxalanmasını
gözləyir.
“Yayda təyyarə qəzasının baş verdiyi əraziyə getdim oradan
qayıdanda özümə gələ bilmirdim”,- deyə o əlavə edib.
Qeyd edək ki, iki gün öncə (dekabrın 23-ü) “Azərbaycan Hava
Yolları” QSC-nin (AZAL) ötən il dekabrın 25-də Qazaxıstanda qəzaya
uğrayan təyyarəsinə həsr olunmuş poçt markası buraxılıb. Poçt
markasının dövriyyəyə buraxılışı AZAL və “Azərpoçt” MMC-nin birgə
təşəbbüsüdür və Aktau yaxınlığında baş vermiş təyyarə qəzasının
ildönümünə həsr edilib.


