Son aylarda uçot dərəcəsi ilə AZIR arasında fərq minimuma enib – AMB

Baş səhifə

Bakı. Trend:

Son aylarda uçot dərəcəsi ilə pul siyasətinin yardımçı əməliyyat
hədəfi olan təminatsız pul bazarında 1 günlük əməliyyatlar üzrə
orta faiz dərəcəsi – AZIR arasında fərq minimuma enib.

Trend xəbər
verir ki, bu barədə “Azərbaycan” qəzetində dərc edilən “Azərbaycan
Respublikası Mərkəzi Bankının 2026-cı il üçün pul siyasətinin əsas
istiqamətləri barədə bəyanatı”nda bildirilib.




Məlumata görə, AZIR indeksinin orta günlük səviyyəsi oktyabrda
6.89%, noyabrda 6.91%, dekabrın ötən dövründə isə 6.84% olub.
Ümumilikdə 11 ay ərzində uçot faiz dərəcəsi ilə AZIR indeksi
arasındakı standart kənarlaşma 0.29 faiz bəndi (o cümlədən son 3
ayda 0.04 faiz bəndi) olub ki, bu da beynəlxalq təcrübə baxımından
məqbul hesab edilir.

“Hesabat dövründə uçot dərəcəsinin AZIR vasitəsilə digər
faizlərə təsir göstərməsi də müşahidə edilmişdir. Belə ki, iyul
ayında uçot dərəcəsinin azaldılması qiymətli kağızlar bazarında
gəlirliliyin, eləcə də yeni depozit və kredit faizlərinin azalması
ilə müşayiət olunmuşdur”, – məlumatda vurğulanıb.