Bakı. Trend:
Masallı rayonunun Bala Təklə kəndinə fasiləsiz içməli su
verilib.
Bu barədə Trend-ə Azərbaycan
Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) məlumat verilib.
Bildirilib ki, bölgələrdə içməli su infrastrukturunun
yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir. Bu tədbirlər
çərçivəsində Masallı rayonunun Bala Təklə kəndində içməli su
layihəsi icra olunub. Layihənin başa çatması münasibətilə kənddə
açılış mərasimi keçirilib.
Açılış mərasimində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin
sədri Zaur Mikayılov, sədrin birinci müavini Xəyyam Məmmədov,
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, Agentliyin
yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti
Xidmətinin rəisi Rafiq Aslanov, Agentliyin tabeliyində olan
Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədri Zakir
Quliyev, Agentliyin nümayəndələri və kənd sakinləri iştirak
ediblər.
Qeyd olunub ki, Masallı rayonu, Bala Təklə kəndində
mərkəzləşdirilmiş su təchizatı sisteminin yaradılması məqsədilə
Qəriblər–Masallı su kəmərinin imkanlarından istifadə olunmaqla
kənddaxili paylayıcı şəbəkə inşa edilib. Kəndin mövcud su
şəbəkəsinin genişləndirilməsi üçün uzunluğu 4,8 km olan yeni su
xətləri çəkilib və ümumilikdə 177 istehlakçı yeni su təchizatı
sisteminə qoşulub. Əhaliyə verilən suyun dəqiq uçotunun aparılması
və sudan qənaətlə istifadə məqsədilə bütün abonentlər su sayğacları
ilə təmin edilib. Layihə çərçivəsində Bala Təklə kəndində 635 nəfər
əhali mərkəzləşdirilmiş içməli su təchizatı sistemi ilə təmin
olunub.
Masallı şəhərinin içməli su təchizatı Viləşçay su anbarından
götürülərək sutəmizləyici qurğular kompleksi vasitəsilə həyata
keçirilir. Şəhərin su təchizatı sisteminə layihə məhsuldarlığı
sutkada 22 000 m³ olan 1 ədəd sutəmizləyici qurğular kompleksi, 7,2
km magistral xətt, 218 km daxili paylayıcı şəbəkə, hər biri 2 500
m³ tutuma malik 2 su anbarı, 2 ədəd su nasos stansiyası daxildir.
Eyni zamanda layihə məhsuldarlığı sutkada 7 500 m³ olan 1 ədəd
tullantı su təmizləyici qurğu, 6 ədəd çirkab su nasos stansiyası və
217 km kanalizasiya şəbəkəsi istismar olunur.
Masallı şəhərində abonentlərin sayı 7 362, kəndlər üzrə isə 1
727 olmaqla ümumilikdə rayon üzrə 9 089 abonentə xidmət göstərilir.
Hazırda Masallı rayonu üzrə 2 kənd şəbəkə sistemi, 6 kənd isə bulaq
sistemli şəbəkə vasitəsilə olmaqla ümumilikdə 8 yaşayış məntəqəsi
içməli su ilə təmin olunur.
Qeyd edək ki, 2026-cı il ərzində layihənin davamı olaraq
Kürdəbazlı və digər kəndlərdə su şəbəkəsinin tikintisi və
sayğacların quraşdırılması işlərinin icrası planlaşdırılır.
Sonda Bala Təklə kəndinin ağsaqqalları göstərilən diqqət və
qayğıya görə cənab Prezident İlham Əliyevə minnətdarlıqlarını
bildiriblər.

