
Bakı.Trend:
“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti və Azərbaycan
Respublikasının Medianın İnkişafı Agentliyi birgə təşkilatçılığı
ilə “MEDİA Savadlılığı” Həftəsi çərçivəsində keçirilən “Kreativ
Media – Bakı” adlı məzmun müsabiqəsinin mükafatlandırma mərasimi
baş tutub.
Trend xəbər
verir ki, bu barədə Medianın İnkişafı Agentliyi məlumat yayıb.
Bildirilib ki, müsabiqə çərçivəsində “Süni intellekt və etika:
təhlükəsiz rəqəmsal cəmiyyət”, “Müxtəlif sənayelər üzrə etibarlı
məlumatlandırmanın təmini: dağ-mədən sənayesi” və “Media
savadlılığı sosial məsuliyyətlilik kontekstində” mövzuları üzrə
hazırlanmış məqalələr dəyərləndirilib.
Mərasimdə çıxış edən Medianın İnkişafı Agentliyinin Media dəstək
layihələri, strateji planlaşdırma və informasiya texnologiyaları
departamentinin direktoru Ləman İsgəndərova qeyd edib ki, media
sahəsində çağdaş tələblərə cavab verən kadrların hazırlanması
olduqca vacibdir. O qeyd edib ki, “MEDİA Savadlılığı” Həftəsi
çərçivəsində keçirilən “Kreativ Media – Bakı” məzmun müsabiqəsi bu
istiqamətdə həyata keçirilən mühüm təşəbbüslərdən biridir.
“AzerGold” QSC-nin müşaviri Leyla Sadıxova çıxışında müsabiqənin
keçirilməsində əsas məqsədin media savadlılığının təşviqi,
dezinformasiya ilə mübarizədə yeni yanaşmaların formalaşdırılması,
eyni zamanda gənclər üçün peşəkarlaşma və ixtisaslaşma imkanlarının
genişləndirilməsi olduğunu bildirib. O, müsabiqə mövzuları arasında
dağ-mədən sənayesinə dair yazıların “AzerGold” üçün xüsusi
əhəmiyyət kəsb etdiyini qeyd edib. Gənclərin bu sahənin mahiyyətini
düzgün anlayaraq, analitik və peşəkar şəkildə təqdim etdiyi
məqalələri yüksək qiymətləndirib.
Tədbir çərçivəsində, həmçinin Bakı Dövlət Universitetinin Yeni
media və kommunikasiya nəzəriyyəsi kafedrasının dosenti Könül
Niftəliyeva tərəfindən “Müasir yazı texnikaları və jurnalistika
prinsiplərinin qorunması” mövzusunda təlim keçirilib.
Sonda müsabiqənin qalibləri mükafatlandırılıb və sertifikatlarla
təltif olunub.


