
Bakı. Trend:
Yeni ildən əvvəlki son ticarət günündə qiymətli metallar
bazarında ciddi artım müşahidə olunub.
Trend xarici
KİV-ə istinadla xəbər verir ki, qızılın unsiya qiyməti tarixdə ilk
dəfə 4500 dollar həddini keçərək 4525 dollara qədər yüksəlib. Bu,
qızılın son 12 gündə 11-ci dəfə bahalaşmasıdır və 2025-ci ildəki
ümumi artımı 70%-dən çoxa çatdıraraq 1979-cu ildən bəri ən yaxşı
göstəricini təmin edib.
Oxşar yüksəliş gümüş və platin bazarlarında da qeydə alınıb.
Gümüşün unsiyası 72,16 dollara, platin isə 2333,80 dollara
yüksələrək tarixi zirvələrə çatıb.
Analitiklər bu artımı investorların geosiyasi və iqtisadi
qeyri-müəyyənliklər fonunda təhlükəsiz aktivlərə üz tutması ilə
izah edirlər. Eyni zamanda, 2026-cı ildə ABŞ-də faiz dərəcələrinin
aşağı salınacağı və dolların zəifləyəcəyi gözləntiləri də qiymətli
metallara marağı artırır.


