Bakı. Trend:
Rusiya dövlət kosmik agentliyi “Roskosmos” 2036-cı ilə qədər Ay
səthində nüvə elektrik stansiyası inşa etməyi planlaşdırır. Bu
məqsədlə Lavochkin Assosiasiyası aerokosmik şirkəti ilə artıq
müqavilə imzalanıb.
Trend xarici
KİV-ə istinadla xəbər verir ki, yeni stansiya Rusiya Ay
proqramının, o cümlədən, roverlərin, rəsədxananın və Rusiya ilə Çin
arasında planlaşdırılan Beynəlxalq Ay Tədqiqat Stansiyasının enerji
təminatını qarşılayacaq.
“Roskosmos” bildirib ki, bu layihə daimi fəaliyyət göstərən elmi
Ay stansiyasının yaradılması və bir dəfəlik missiyalardan
uzunmüddətli tədqiqat proqramına keçid baxımından mühüm
mərhələdir.
Qeyd edək ki, Korporasiyanın rəhbəri Dmitri Bakanov daha əvvəl
məqsədlərinin yalnız Ayda nüvə stansiyası qurmaqla bitmədiyini,
eyni zamanda Veneranın da elmi araşdırılmasının planlaşdırıldığını
bildirmişdi.

