Sədr müavini: Din Xadimlərinin forumunda bütün dini konfessiyalara mənsub nümayəndələr iştirak edir

Baş səhifə

Azərbaycanda fəaliyyət göstərən bütün dini konfessiyaların, o cümlədən dini icmaların xadimləri bu forumda təmsil olunublar.

“Report” xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov Azərbaycan Din Xadimlərinin II Forumun çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, Qafqaz Müsəlmanları İdarəsi, İslam dini icmaları ilə yanaşı, Azərbaycanda fəaliyyət göstərən müxtəlif xristian icmaları – Rus Pravoslav və Gürcü Pravoslav kilsələri, həmçinin Lüteran kilsəsi və digər xristian, Protestant icmaları da forumda təmsil olunurlar:

“Bundan əlavə, Azərbaycanda fəaliyyət göstərən yəhudi dini icmalarının hamısı forumun işində iştirak edir – istər Dağ yəhudiləri, istər Avropa yəhudiləri, istərsə də Azərbaycan sefard yəhudiləri.

Digər önəmli məqamlardan biri ondan ibarətdir ki, ənənəvi dini konfessiyalarla yanaşı, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində dövlət qeydiyyatından keçmiş, sayından asılı olmayaraq kiçik icmalar da forumda təmsil olunublar. Məsələn, Bəhai icması, eləcə də Krişna şüuru dini icması da Azərbaycan din xadimlərinin forumunda iştirak edir”.

G.İsmayılov vurğulayıb ki, Azərbaycanın bölgələrində fəaliyyət göstərən qeyri-İslam dini icmaları da tədbirdə iştirak edirlər:

“Forumun aktuallığını artıran əsas məqamlardan biri də ondan ibarətdir ki, bu gün ölkəmizdə din sahəsində dövlət–din münasibətləri ilə bağlı aktual olan mövzuların demək olar ki, hamısı forumun panellərində müzakirə üçün nəzərdə tutulub. Forumun panellərinə, iştirakçılarına və mövzuları sırasında Azərbaycanda dövlət–din münasibətlərinin tənzimlənməsi, dini təhsil, multikulturalizm və tolerantlıq dəyərləri, eləcə də qadın hüquqları məsələləri əsasdır”.

MƏLUMAT YENİLƏNİR