Azərbaycanı zəfərə aparan Lider

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müasir
dövlətçilik tariximizdə adı qızıl hərflərlə yazılan liderlərdəndir.
Onun rəhbərliyi dövründə Azərbaycan böyük sınaqlardan çıxaraq yeni
zirvələr fəth etmiş, regionda və dünyada nüfuzlu, söz sahibi olan
dövlətə çevrilmişdir. Prezident İlham Əliyevin ad günü münasibətilə
ölkəmizin inkişafında misilsiz rol oynayan fəaliyyət yoluna nəzər
salmaq qürurvericidir.

Prezident İlham Əliyev 2003-cü ildən etibarən xalqın etimadı ilə
ölkəyə rəhbərlik edir. Bu illər ərzində həyata keçirilən
məqsədyönlü siyasət Azərbaycanın iqtisadi, siyasi və sosial
baxımdan güclənməsini təmin etmişdir. Ulu Öndər Heydər Əliyevin
əsasını qoyduğu dövlətçilik kursunu uğurla davam etdirən Prezident
İlham Əliyev onu müasir dövrün çağırışlarına uyğun zənginləşdirərək
yeni mərhələyə yüksəltmişdir.

Son illərin ən möhtəşəm nailiyyəti, şübhəsiz ki, Azərbaycanın
ərazi bütövlüyünün və suverenliyinin tam bərpasıdır. 2020-ci ildə
Vətən müharibəsində qazanılan tarixi Qələbə və 2023-cü ildə həyata
keçirilən antiterror tədbirləri nəticəsində ölkəmiz öz torpaqları
üzərində tam nəzarəti təmin etmişdir. Bu Zəfər Prezident İlham
Əliyevin qətiyyətli siyasi iradəsinin, uzaqgörən strategiyasının və
güclü ordunun formalaşdırılması istiqamətində apardığı ardıcıl
siyasətin nəticəsi idi. Azərbaycan xalqı məhz onun rəhbərliyi
altında 30 ilə yaxın davam edən ədalətsizliyə son qoydu.

Bu gün işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda
genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Qısa
müddətdə müasir şəhər və kəndlər salınır, yollar, tunellər,
elektrik stansiyaları, məktəblər, xəstəxanalar inşa olunur, hava
limanları istifadəyə verilir. “Böyük Qayıdış” proqramı çərçivəsində
minlərlə ailə doğma yurdlarına qovuşur. Prezident İlham Əliyevin
şəxsi nəzarəti ilə həyata keçirilən bu proses Qarabağın dirçəlişini
və bölgənin ölkənin ən inkişaf etmiş regionlarından birinə
çevriləcəyini göstərir.

Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycan güclü
iqtisadi inkişaf yolu keçmişdir. Neft və qaz gəlirlərinin düzgün
idarə olunması, iqtisadiyyatın şaxələndirilməsi siyasəti ölkəmizi
dayanıqlı inkişaf modelinə sahib dövlətə çevirmişdir. Qeyri-neft
sektorunun inkişafı, sənaye parklarının yaradılması, kənd
təsərrüfatına dəstək proqramları minlərlə yeni iş yerinin
açılmasına, regionların tarazlı inkişafına şərait yaratmışdır.
Əhalinin sosial rifahının yaxşılaşdırılması məqsədilə maaş və
pensiyaların artırılması, sosial paketlərin genişləndirilməsi
Prezidentin siyasətində insan amilinin əsas prioritet olduğunu
göstərir.

Enerji təhlükəsizliyi sahəsində həyata keçirilən nəhəng
layihələr – Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz
Dəhlizi kimi strateji xəttlər Azərbaycanı Avropanın etibarlı enerji
tərəfdaşına çevirmişdir. Eyni zamanda, yaşıl enerji zonalarının
yaradılması, bərpa olunan enerji layihələrinin icrası gələcəyə
hesablanmış müdrik siyasətin göstəricisidir.

Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində
Azərbaycan beynəlxalq arenada nüfuzlu mövqe qazanmışdır. Ölkəmiz
müstəqil və balanslaşdırılmış siyasəti ilə seçilir, beynəlxalq
təşkilatlarda fəal iştirak edir. Azərbaycanın Qoşulmama Hərəkatına
sədrlik etdiyi dövrdə irəli sürdüyü təşəbbüslər, xüsusən pandemiya
zamanı qlobal həmrəyliyə çağırışları ölkəmizin artan nüfuzunun
bariz nümunəsi oldu. Bu gün Azərbaycan regionda sabitliyin və
əməkdaşlığın əsas dayaqlarından biri kimi tanınır.

Hörmətli Prezident İlham Əliyev bu gün Azərbaycan xalqının
birlik və qürur rəmzidir. Onun rəhbərliyi altında ölkəmiz güclü
orduya, möhkəm iqtisadiyyata, artan beynəlxalq nüfuza və ən əsası,
Zəfər ruhuna sahibdir. Xalqın Prezidentə olan inamı və dəstəyi
həyata keçirilən siyasətin doğruluğunu bir daha təsdiqləyir.

Prezident İlham Əliyevin ad günü münasibətilə ona möhkəm
cansağlığı, uzun ömür və Vətənimizin tərəqqisi naminə məsuliyyətli
fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq. Əminik ki, onun
rəhbərliyi ilə Azərbaycan dövləti daha böyük nailiyyətlərə imza
atacaq, parlaq gələcəyə doğru inamla irəliləyəcəkdir.

Milli Məclisin deputatı,
Əminə Ağazadə