
Bakı. Trend:
Dekabrın 21-də Nizami Kino Mərkəzində Azərbaycanda müxtəlif
dinlərin nümayəndələri arasında mövcud olan birgəyaşayış və
tolerantlıq ənənələrini əks etdirən “Harmoniya” sənədli filminin
təqdimatı keçirilib. Film Azərbaycan Respublikasının Dini
Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Mənəvi Dəyərlərin Təbliği
Fondunun və Bakı Media Mərkəzinin birgə layihəsidir.
Trend xəbər verir ki, filmin
təqdimatında Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva iştirak
edib.
Əvvəlcə film nümayiş etdirilib. Sonra çıxış edən Dini Qurumlarla
İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov film haqqında
fikirlərini bölüşüb. O, ekran işində üç müxtəlif dini təmsil edən
rəfiqələrin timsalında Azərbaycan xalqının müxtəlif din və xalqlara
yanaşmasının ortaya qoyulduğunu bildirib: “Əsrlər, minilliklər boyu
bu coğrafiyada Azərbaycan xalqı multikultural dəyərləri, bir-birinə
hörməti, çiyin-çiyinə yaşamağı, adət-ənəni növbəti nəsillərə
ötürmək kimi çox möhtəşəm bir xüsusiyyəti özündə yaşadır. Bu gün
Azərbaycanda müxtəlif dinlərin nümayəndələri birlikdə yaşayır,
fəaliyyət göstərir, yaradır. Təbii ki, bu, Azərbaycan xalqının
müdrikliyinin ən bariz nümunələrindən biridir”. Komitə sədri qeyd
edib ki, Ulu Öndər Heydər Əliyevin apardığı siyasət nəticəsində
multikultural dəyərlər Azərbaycan xalqının adət-ənənəsi kimi
qalmadı. O, işğaldan azad edilən ərazilərdə Prezident İlham Əliyev
və Birinci vitse-prezident Mehriban Əliyevanın birgə səyləri
nəticəsində bütün ibadət yerlərinin bərpa olunduğunu da diqqətə
çatdırıb.
Ekran işinin quruluşçu rejissoru və ssenari müəlliflərindən biri
Fuad Məmmədzadə filmin əsas qəhrəmanları olan Nigar, Cəmilə və
Sofiya obrazlarının əsasında Azərbaycan üçün təbii olan bir
reallığı çatdırmaq istədiklərini deyib.
“Azərbaycan dünyada nadir ölkələrindəndir ki, burada eyni
zamanda müsəlman, yəhudi və xristianlar vahid ailə kimi yaşayır.
Biz həmin xanımların timsalında bir mesaj vermək istəyirik ki, bu,
həqiqətən də mümkündür”, – deyə o bildirib.
Qeyd edək ki, Bakı Media Mərkəzinin istehsal etdiyi sənədli film
Azərbaycanda müxtəlif din mənsublarının birgəyaşayışı üçün
yaradılmış imkanlar, dinlərarası harmoniyanın təbliği məqsədilə
hazırlanıb. Filmin baş prodüseri Arzu Əliyeva, prodüseri Orman
Əliyev, quruluşçu rejissoru Fuad Məmmədzadə, ssenari müəllifləri
Fuad Məmmədzadə və Ramil Ələkbərov, quruluşçu operatoru Ziya
Babayev və bəstəkarı Hafiz İbrahimlidir.
Çəkilişlər Azərbaycanın müxtəlif bölgələrindəki dini
ibadətgahlarda, eyni zamanda ölkəmizdə formalaşmış nümunəvi
tolerantlıq və multikulturalizm mühitini, dinlərarası harmoniyanı,
həmrəyliyi, mədəni müxtəlifliyi, birgəyaşayış dəyərlərini təbliğ və
təşviq etmək məqsədilə noyabrın 5-də Bakıda keçirilən “Fərqliliyin
rəngi” festivalında aparılıb.
Film fərqli din mənsubu olan üç rəfiqənin gündəlik həyatı və
qarşılıqlı münasibətlərinin nümunəsində ölkəmizdəki tolerant mühiti
işıqlandırır. Onların yaşayış tərzi, ailə münasibətləri, dini
ibadətləri və dostluq əlaqələri fonunda Azərbaycanda hökm sürən
qarşılıqlı anlayış, etimad və mədəni müxtəliflik mühiti tamaşaçıya
çatdırılır.
Qəhrəmanların ailə həyatları, ibadətləri və illərlə davam edən
münasibətləri onların mədəni müxtəliflik və sülh şəraitində
yaşadıqlarını nümayiş etdirir. Sənədli film vasitəsilə cəmiyyətdə
tolerantlıq, qarşılıqlı hörmət və multikultural dəyərlərin təbliği,
eyni zamanda ölkəmizin dinlərarası harmoniyanın qorunması və
inkişafı istiqamətində həyata keçirdiyi dövlət siyasətinin
mahiyyəti diqqətə çatdırılır.
Azərbaycan tarixini yaşatmaq, həqiqətləri olduğu kimi çatdırmaq
Bakı Media Mərkəzi üçün yarandığı ilk gündən böyük önəm daşıyır.
Mərkəz bu müddət ərzində ölkəmizin ən müxtəlif tarixi dövrlərini
özündə əks elətdirən “Hədəf Bakıdır”, “Miras”, “Tağıyev”, “Son
iclas”, “Əbədi ezamiyyət”, “Biz” və “Şuşa, sən azadsan!” kimi
ictimaiyyət tərəfindən geniş marağa səbəb olan filmlər istehsal
edib. “Harmoniya” sənədli filmi də “Bir günəş altında” sənədli
filmindən sonra Azərbaycanda multikulturalizm ənənəsinin gündəlik
həyatdakı təzahürlərini real insan hekayələri ilə əks etdirən ekran
işidir.


