Ermənistan Baş naziri Paşinyan Azərbaycan Prezidentinə minnətdarlığını bildirib

Baş səhifə

Bakı. Trend:

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan vasitəsilə
Ermənistana tranzit yüklərin açılması və ikitərəfli ticarətin
başlanması üçün şərait yaradılması qərarına görə Azərbaycan
Prezidenti İlham Əliyevə minnətdarlığını ifadə edib.

Trend xəbər verir
ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Ali Avrasiya
İqtisadi Şurasının iclasında bildirib.

Paşinyan regional iqtisadi inteqrasiyanı gücləndirmək üçün Ali
Avrasiya İqtisadi Şurasının üzv dövlətləri və müşahidəçilərlə
konstruktiv dialoqun vacibliyini vurğulayıb. O, daxili bazarın
rahat işləməsi, maneələrin aradan qaldırılması, rəqəmsallaşdırma və
tənzimləmə prosedurlarının sadələşdirilməsinin Ermənistan üçün
prioritet olduğunu bildirib.

Baş nazir bərabərlik, suverenlik və milli yurisdiksiyaya
əsaslanan ticarət və logistika əməkdaşlığının inkişafına xüsusi
diqqət yetirib və bu qərarı regionda sülh və sabitliyin bərqərar
olmasında ilk böyük nailiyyətlərdən biri kimi qiymətləndirib. O
əlavə edib ki, davam edən konstruktiv dəyişikliklər regiondakı
bütün ölkələr üçün yeni imkanlar yaradır, daha güclü iqtisadi
dayanıqlığa və genişlənmiş regional əlaqələrə töhfə verir.