Bakı. Trend:
Fransada Yelisey sarayının gümüş qab-qacaqlarına cavabdeh olan
əməkdaş və daha iki nəfər qiymətli süfrə ləvazimatlarının
oğurlanması şübhəsi ilə məhkəməyə çıxarılacaq.
Trend xarici
KİV-ə istinadən xəbər verir ki, bu barədə Paris prokurorluğu
məlumat yayıb.
Bildirilib ki, Yelisey sarayı dövlət ziyafətləri və rəsmi
tədbirlərdə istifadə olunan çini, gümüş və digər dəyərli qab-qacaq
nümunələrinin yoxa çıxması ilə bağlı hüquq-mühafizə orqanlarına
müraciət edib. İtən əşyaların ümumi dəyərinin 15–40 min avro
arasında olduğu qeyd olunur.
Prokurorluğun məlumatına görə, gümüş qab-qacaqlara cavabdeh şəxs
Tomas M. və onun tərəfdaşı Damien G. oğurluq şübhəsi ilə
saxlanılıb. Digər şəxs — Gislen M. isə oğurlanmış əşyaları əldə
etməkdə şübhəli bilinir. Fransada şəxsi məlumatların qorunması
qaydalarına əsasən, ad-soyadlar tam açıqlanmayıb.
İstintaq zamanı Yelisey sarayı əməkdaşlarının ifadələri
şübhələrin əsasən Tomas M.-nin üzərində cəmləşdiyini göstərib.
Bildirilib ki, o, inventar siyahılarında etdiyi şübhəli
düzəlişlərlə oğurluqları əvvəlcədən gizlətməyə çalışıb.
Araşdırmalar zamanı Tomas M.-nin şəxsi dolabında, avtomobilində
və evində təxminən 100 ədəd əşya aşkarlanıb. Onların arasında mis
qazanlar, “Sevr” çini qabları və “Baccarat” markalı şampan
qədəhləri də var.
Prokurorluq həmçinin Yelisey sarayının əsas təchizatçılarından
olan “Sevr” fabrikinin bəzi əşyaları onlayn hərrac saytlarında
tanıdığını və onların bir qisminin artıq geri qaytarıldığını
açıqlayıb.
Qeyd edək ki, iş üzrə məhkəmə prosesi fevral ayında
keçiriləcək.

