Sahibə Qafarova Monteneqro Baş nazirinin müavini ilə görüşüb (FOTO)

Baş səhifə

Bakı. Trend:

Milli Məclisin sədri Sahibə Qafarova dekabrın 20-də Monteneqro
Baş nazirinin müavini, xarici işlər naziri Ervin İbrahimoviçin
rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Trend-ə Milli Məclisin Mətbuat və ictimaiyyətlə
əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, görüşdə Azərbaycan ilə Monteneqro arasında mövcud
dostluq və tərəfdaşlıq münasibətlərinin cari vəziyyəti və inkişaf
perspektivləri müzakirə olunub. Milli Məclisin sədri bu səfərin iki
ölkə arasında qurulmuş səmimi münasibətlərin və fəal siyasi
dialoqun daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb
etdiyini vurğulayıb.

Ali və yüksək səviyyəli qarşılıqlı səfərlərin dövlətlərarası
münasibətlərin inkişafında mühüm rol oynadığı vurğulanaraq,
ikitərəfli gündəliyin nəzərdən keçirilməsi baxımından əhəmiyyəti
qeyd edilib. Bu çərçivədə Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin 2013-cü ildə Monteneqroya rəsmi səfəri, eləcə də
Monteneqro Prezidenti Yakov Milatoviçin 2024-cü ilin noyabrında
COP29 çərçivəsində ölkəmizə səfəri və Prezident İlham Əliyevlə
keçirdiyi görüşün iki ölkə arasındakı dostluq münasibətlərinin
inkişafına mühüm töhfə verdiyi diqqətə çatdırılıb.

Görüşdə ikitərəfli gündəliyin müxtəlif aspektləri ilə yanaşı,
ölkələr arasında iqtisadiyyat, turizm, investisiya və digər
sahələrdə əməkdaşlıq məsələləri nəzərdən keçirilib. Aktiv və
konstruktiv siyasi dialoqun əməkdaşlığın digər sahələri üçün də
yeni imkanlar yaratdığı vurğulanıb. Eyni zamanda xalqları
bir-birinə yaxınlaşdıran mühüm istiqamətlər kimi humanitar və
mədəni əməkdaşlığın da vacibliyi qeyd olunub.

Parlamentlərarası əməkdaşlığın ikitərəfli münasibətlərin mühüm
tərkib hissəsi olduğu vurğulanaraq, parlament diplomatiyasının
roluna xüsusi diqqət yetirilib. Parlamentin spikeri 2024-cü ilin
aprelində Monteneqroya rəsmi səfərini və bu ölkədə keçirdiyi yüksək
səviyyəli görüşləri məmnunluqla xatırladaraq, Monteneqro
parlamentinin sədrlərinin müxtəlif dövrlərdə Azərbaycana
səfərlərindən bəhs edib. Parlamentin spikeri, qanunverici orqanlar
arasında təmasların, qarşılıqlı səfərlərin və parlamentlərdə
fəaliyyət göstərən dostluq qruplarının fəaliyyətinin əhəmiyyətini
vurğulayıb, belə təmasların parlamentlərarası dialoqun inkişafında
mühüm rol oynadığını bildirib. Bununla yanaşı, parlamentlərin
profil komitələri arasında qanunvericilik sahəsində təcrübə
mübadiləsinin, eləcə də beynəlxalq parlament təşkilatları
çərçivəsində qarşılıqlı dəstəyin gücləndirilməsinin vacibliyi
diqqətə çatdırılıb.

Monteneqro Baş nazirinin müavini, xarici işlər naziri Ervin
İbrahimoviç ölkəsinin Azərbaycanla münasibətlərin inkişafına böyük
əhəmiyyət verdiyini bildirib, iki ölkə arasında sıx siyasi dialoqu
yüksək qiymətləndirib. O, ötən il Milli Məclis sədrinin
Monteneqroya səfərinə görə təşəkkürünü bildirərək, bu səfərin
ikitərəfli münasibətlərin inkişafına verdiyi töhfəni qeyd edib.

2019-cu ildə Azərbaycanın Monteneqroya ən iri investisiya
yatıran ölkə olduğunu bildirən qonaq, dövlətlərarası əlaqələrin
inkişafında turizm sahəsinin özünəməxsus yer tutduğunu deyib. Ervin
İbrahimoviç, bu sahədə əməkdaşlığın dərinləşdirilməsi üçün geniş
imkanların mövcud olduğunu vurğulayıb.