
Bakı. Trend:
Dekabrın 18-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA
İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Ümumdünya
Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə Regional Ofisinin İqlim və
Sağlamlıq üzrə xüsusi nümayəndəsi Robb Butler ilə görüşüb.
Trend xəbər
verir ki, görüşdə Leyla Əliyevaya iqlim və sağlamlıq sahəsində
göstərdiyi səmərəli xidmətlərə, COP29 çərçivəsində fəal iştirakı və
maarifləndirmə fəaliyyətinə, eləcə də ÜST-nin Pan-Avropa Səhiyyə və
İqlim Komissiyasının fəaliyyətinə verdiyi dəstəyə görə Ümumdünya
Səhiyyə Təşkilatının xüsusi mükafatı təqdim olunub.
Söhbət zamanı IDEA İctimai Birliyi tərəfindən iqlim
dəyişikliyinin mənfi təsirlərinin azaldılması istiqamətində həyata
keçirilən layihələr barədə ətraflı məlumat verilib, bu sahədə ÜST
ilə Azərbaycan arasında mümkün əməkdaşlıq imkanları müzakirə
olunub.
Tərəflər Xəzər dənizinin səviyyəsinin enməsinin ekoloji və insan
sağlamlığına potensial təsirləri barədə fikir mübadiləsi aparıb, bu
istiqamətdə birgə təşəbbüslər və beynəlxalq çağırışların
gücləndirilməsi imkanlarını, o cümlədən Azərbaycanın ÜST-nin
“Sağlam şəhərlər” şəbəkəsinə qoşulması perspektivlərini müzakirə
ediblər.
Bununla yanaşı, təmiz havanın insan sağlamlığına təsiri, havanın
çirklənməsinin azaldılması və bu sahədə maarifləndirmə
tədbirlərinin gücləndirilməsi məsələləri müzakirə olunub.


