
Bakı. Trend:
Azərbaycandan neft məhsullarının ilk partiyası Ermənistana
göndərilir.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol
Paşinyan jurnalistlərə verdiyi açıqlamada bildirib.
“Mən bilirəm ki, Azərbaycanda istehsal olunmuş neft məhsulları
ilə yüklənmiş ilk qatar artıq Ermənistana doğru hərəkət edir. Bu
inkişafı alqışlayıram”, – deyə o bildirib.
Onun sözlərinə görə, ticarət özəl şirkətlər arasında həyata
keçirilir, lakin bunun üçün siyasi şərait Ermənistanla Azərbaycan
arasında sülhün bərqərar olunması sayəsində yaradılıb.
“Siyasi səviyyədə də razılaşmalar olub. İlk sövdələşmə artıq
reallığa çevrilib”, – deyə Paşinyan qeyd edib.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın
21-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə bmətbuata birgə
bəyanatda xüsusilə vurğulayıb ki, Azərbaycan işğal dövründən bəri
mövcud olan Ermənistan istiqamətində yük tranzitinə dair bütün
məhdudiyyətləri aradan qaldırıb.
“Həmçinin deməliyəm ki, Azərbaycan Ermənistana işğaldan bəri
mövcud olan yüklərin tranziti məhdudiyyətlərini aradan qaldırıb.
Belə bir ilk tranzit Qazaxıstanın Ermənistana taxıl yükü olub.
Zənnimcə, bu, həmçinin Azərbaycan ilə Ermənistan arasında sülhün
yalnız kağız üzərində deyil, həm də praktikada olduğunun yaxşı
göstəricisidir”,- deyə Prezident İlham Əliyev vurğulayıb.

