AZAL səyahət rahatlığını artırır: sərnişinlər artıq yan oturacağı əvvəlcədən bloklaya bilərlər

Baş səhifə

Bakı. Trend:

– Azərbaycanın milli aviadaşıyıcısı AZAL ekonom sinifdə səyahət
edən sərnişinlər üçün şəxsi məkanı və komfortu artıran yeni xidməti
istifadəyə verib. Artıq sərnişinlər yan oturacağı və ya bütün
sıranı əvvəlcədən “bloklaya” bilərlər.

Yeni xidmət uçuş zamanı daha rahat hərəkət imkanı və geniş şəxsi
məkan təmin edir. Bu yenilik AZAL-ın müştəriyönümlü yanaşmasının,
fərdiləşdirilmiş səyahət həllərinin genişləndirilməsi və sərnişin
rahatlığının artırılması strategiyasının növbəti addımıdır. Xidmət
yalnız ekonom sinif üçün keçərlidir, biznes sinif və “Extra
Legroom” kateqoriyasına aid ekonom sinif yerlərə şamil edilmir.

Xidmətin tətbiqi qaydası:

– Aviabilet alındıqdan sonra sərnişinə uçuşdan bir neçə gün
əvvəl yan oturacağı bloklamaq imkanı barədə elektron məktubla
müraciət göndərilir. Eyni zamanda sərnişin azal.az veb-saytının “AZAL Upgrade”
səhifəsi və ya “Rezervasiyanın idarə edilməsi” bölməsinə daxil
olaraq xidmətdən istifadə ilə bağlı öz təklifini edir.




– Uçuşdan əvvəl sərnişinə təklifinin qəbul olunub-olunmaması
barədə məlumat göndərilir.

– Xidmətin dəyəri marşrutdan, uçuşun müddətindən və həmin anda
təyyarənin doluluq səviyyəsindən asılı olaraq dəyişir.

– Xidmət yalnız boş yerlər mövcud olduqda aktivləşdirilir. Əgər
reys tam dolu olarsa və oturacaq digər sərnişinə verilərsə, ödəniş
avtomatik olaraq geri qaytarılır və sərnişinə bu barədə bildiriş
göndərilir.

Xidmətin istifadəsinə dair videotəlimatla bu keçid vasitəsilə
tanış olmaq mümkündür: https://youtube.com/shorts/qgFunjJCIZw?feature=share