
Bakı. Trend:
Azərbaycan Respublikası Hesablama Palatasının 2026–2030-cu
illəri əhatə edən Strateji Planının ilkin layihəsinin təqdimatı
keçirilib.
Hesablama Palatasından Trend-ə verilən məlumata görə, tədbirdə Hesablama
Palatasının sədri və kollegiya üzvləri, Milli Məclisin üzvləri,
ekspertlər, struktur bölmələrin rəhbərləri və əməkdaşları iştirak
ediblər.
İlk olaraq Hesablama Palatasının sədri Vüqar Gülməmmədov
strateji planın əhəmiyyətindən bəhs edib, dövlət maliyyəsinin
idarəedilməsi sahəsində aparılan islahatlara və onlardan irəli
gələn çağırışlara adekvat reaksiya verilməsi üçün
müəyyənləşdirilmiş məqsədlərdən söz açıb.
Daha sonra Hesablama Palatasının aparat rəhbəri və struktur
bölmə əməkdaşları strateji planın hazırlanması prosesi, cari
vəziyyətin qiymətləndirilməsində istifadə olunan alətlər və onların
nəticələri, strateji məqsədlər, yekun və aralıq nəticələr,
monitorinq sistemi, habelə planın resurs və risk qiymətləndirilməsi
barədə ətraflı məlumat veriblər.
Qeyd olunub ki, yeni plan növbəti 5 illik dövr üzrə fəaliyyətin
yol xəritəsi rolunu oynamaqla dövlət maliyyəsinin idarəedilməsində
keyfiyyətli dövlət auditinin rolunun artırılmasına xidmət edir.
Əsas diqqət Dövlət Auditi İnformasiya Sisteminin tam qurulması, o
cümlədən digər dövlət qurumlarının informasiya sistemlərinə
inteqrasiyanın yaradılması, mümkün istiqamətlərdə süni intellektin
tətbiqi və data analitika alətlərindən istifadənin
genişləndirilməsi, yüksək keyfiyyətli dövlət auditi təcrübəsinin
davam etdirilməsi, konsolidə edilmiş maliyyə hesabatlarının auditi,
OMXÇ-nin auditi, beynəlxalq standartların tətbiqinin
genişləndirilməsi, tövsiyələrimiz əsasında dövlət maliyyəsinin
idarəedilməsinin gücləndirilməsi, qlobal təşəbbüslərə dəstəyin
verilməsi, beynəlxalq ali audit orqanları cəmiyyətində peşəkar
imicin bir qədər də artırılması və s. kimi prioritetlərə
yönəldiləcəkdir.
Təqdimat çərçivəsində qonaqların bir sıra məsələlərlə bağlı
təklifləri səsləndirilib.


