
Bakı. Trend:
Bu il ölkədə ət istehsalı 1,2 faiz, süd istehsalı isə 0,3 faiz
artım göstərib.
Trend xəbər
verir ki, bunu Kənd Təsərrüfatı naziri Məcnun Məmmədov bu gün
Bakıda Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi və KOBİA-nın
təşkilatçılığı ilə keçirilən “Süd və ət istehsalı üzrə mövcud
problemlər və qida təhlükəsizliyi sahəsinə təsirlərin
qiymətləndirilməsi” mövzusunda ictimai müzakirə zamanı deyib.
Onun sözlərinə görə, heyvandarlıq sektorunda istehsal və ixrac
göstəriciləri artıb:
“Son illər heyvanların baş sayında azalma müşahidə olunsa da,
məhsuldarlığın artırılması əsas prioritetlərdən biri kimi müəyyən
edilib.
İxrac istiqamətində xüsusilə quşçuluq və yumurta sahəsində
müsbət dinamika qeydə alınıb. Cari ilin ilk 11 ayı ərzində yumurta
ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 35 faiz artıb.
Heyvandarlıq sektorunun stimullaşdırılması məqsədilə bir sıra
dəstək tədbirləri həyata keçirilir. Bu çərçivədə on mindən artıq
fermerə ümumilikdə 128 milyon manatdan çox güzəştli kredit ayrılıb.
Eyni zamanda, heyvanların xüsusi xəstəliklərə qarşı peyvəndlənməsi
dövlət hesabına aparılır.
İşğaldan azad edilmiş ərazilərdə də heyvandarlığın inkişafı
məqsədilə bu tədbirlər məqsədyönlü şəkildə icra ediləcək. Bununla
yanaşı, cins heyvanların yerli heyvanlar arasında payının aşağı
olması, eləcə də kiçik təsərrüfatlarda məhsulların emalı ilə bağlı
çətinliklərin mövcudluğu sektorun əsas problemlərindəndir. Bu
problemlərin aradan qaldırılması üçün damazlıq və süni mayalanmanın
genişləndirilməsi prioritet istiqamət kimi müəyyən olunub”.


