
Bakı. Trend:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi
ilə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasında kənd
təsərrüfatı prioritet və strateji sahələrdən biri kimi müəyyən
edilib. Dövlət başçısının bu sahəyə göstərdiyi ardıcıl diqqət və
qayğı nəticəsində aqrar sektorda genişmiqyaslı islahatlar həyata
keçirilmiş, fermerlərin fəaliyyət imkanları əhəmiyyətli dərəcədə
genişləndirilmiş, regionların dayanıqlı inkişafı üçün möhkəm
əsaslar formalaşdırılıb.
Trend xəbər
verir ki, bunu Kənd təsərrüfatı naziri Məcnun Məmmədov bu gün
Bakıda keçirilən Aqrar Biznes Festivallarına həsr olunmuş yekun
tədbirdə çıxışı zamanı deyib.
O bildirib ki, son illərdə kənd təsərrüfatında istehsalın
səmərəliliyinin artırılması, müasir texnologiyaların tətbiqi,
fermerlərin maliyyə və texniki resurslara çıxışının
asanlaşdırılması istiqamətində mühüm addımlar atılmışdır: “Rəqəmsal
həllərin tətbiqi, elektron kənd təsərrüfatı platformasının
genişləndirilməsi, ekoloji cəhətdən dayanıqlı istehsal modellərinə
keçid dövlət siyasətinin əsas istiqamətlərindəndir.
İqlim dəyişikliklərinin təsirlərinin azaldılması, torpaq və su
ehtiyatlarından səmərəli istifadə və dəqiq kənd təsərrüfatının
tətbiqi aqrar sektorun rəqabətqabiliyyətliliyini daha da
artırır.
Məhz bu strateji hədəflərin regionlarda təşviqi məqsədilə Aqrar
Biznes Festivalları təşkil olunmuşdur. Cari ildə ölkənin 13
iqtisadi rayonunu əhatə edən 28 rayonda 32 festival keçirilmiş, bu
tədbirlərdə 400 mindən artıq fermer və sahibkar iştirak etmiş, 8
milyon manatdan artıq satış icra olunmuşdu”.
Nazir qeyd edib ki, festivallar çərçivəsində toxum sərgi-satış
yarmarkaları, kredit yarmarkaları, panel müzakirələr və təlimlər
təşkil edilib.
Bu festivallar kiçik və orta sahibkarlığın inkişafına, qadın
fermerlərin və gənclərin aqrar sahəyə fəal cəlb olunmasına, bilik
və təcrübə mübadiləsinin genişlənməsinə mühüm töhfə verib: “Eyni
zamanda, məhsul festivalları regionların ixtisaslaşmış kənd
təsərrüfatı məhsullarının tanıdılmasına və brendləşdirilməsinə
şərait yaradıb”.


