Dövlət bütövlükdə siqaret bazarına münasibətdə fiskal maraqlar güdmür – Komitə sədri

Baş səhifə

Bakı. Trend:

Dövlət Bütövlükdə siqaret bazarına münasibətdə fiskal maraqlar
güdmür.

Trend xəbər
verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və
sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov parlamentin Aqrar
siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq, Əmək və sosial
siyasət komitələrinin birgə iclasında “Tütün və tütün məmulatı
haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin
müzakirəsi zamanı deyib.

Komitə sədrinin sözlərinə görə, bu seqment tamamilə qadağan
edildikdən sonra dövlət həm idxal rüsumlarından, həm aksizlərdən,
eyni zamanda əlavə dəyər vergisindən bir növ imtina etmiş olur.

“Bu da büdcə üçün itkilərdir. Yəni tərəzinin gözünə qoyanda
büdcə itkiləri, büdcə vəsaitləri, yoxsa əhalinin sağlamlığı? Təbii
ki, dövlətimizin ümumi siyasəti vətəndaşa yönəlikdir. Bu baxımdan
burada həm də dövlətimizin indiyə kimi əsas götürdüyü dəyərlər,
prinsiplər olduqca önəmlidir”.




Millət vəkili xatırladıb ki, elektron siqaretlər idxala
əsaslanır və bunun yerli istehsalı yoxdur:

“Bir tərəfdən vətəndaşımız üçün, gənclərimiz üçün ziyanlıdır.
İkinci bir tərəfdən də biz sanki bu məhsulların istehsalçısı olan
xarici ölkələri maliyyələşdirmiş oluruq. Yəni bunun bəlli bir
məbləğdə idxalı var. O baxımdan indiki şəraitdə bunun həm də
iqtisadiyyatımız üçün müsbət tərəflərini qeyd edə bilərik”.

A.Əmiraslanov əlavə edib ki, qadağalar varsa da, qara bazar,
qaçaqmalçılıq, hansısa bir şəkildə bu cür məhsullara əlçatanlığın
təmin edilməsi halları da müşahidə oluna bilər.

“Sonrakı mərhələdə məhz bu qara bazarın formalaşmasına qarşı
ciddi mübarizə tədbirləri aparılmalıdır. Hətta elektron siqaretlər
rəsmi olaraq, yəni qadağan olunmadığı bir şəraitdə də bu
istiqamətdə biz o cəhdləri görürük və bu cəhdlərin qarşısı
alınmaqdadır”, – deyə o fikrini tamamlayıb.