Dekabrın 13-də Rusiyaya məxsus pilotsuz uçuş aparatı Qara dənizdə Türkiyənin “VİVA” gəmisinə hədəfli hücum həyata keçirib.
“Report” xəbər verir ki, bu barədə Ukrayna Hərbi Dəniz Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
Göyərtəsində 11 Türkiyə vətəndaşının olduğu gəminin günəbaxan yağı yükü ilə “taxıl dəhlizi” ilə Misirə doğru hərəkət etdiyi qeyd edilib. Hərbi idarənin məlumatına görə, zərbə Ukraynanın iqtisadi dəniz zonasında, lakin onun hava hücumundan müdafiə vasitələrinin əhatə dairəsindən kənarda baş verib.
“Rusiya Federasiyası beynəlxalq dəniz hüququnu kobud şəkildə pozur. Bu cür hərəkətlər gəmiçilik azadlığının fundamental prinsiplərinə birbaşa ziddir”, – bəyanatda deyilir.
Hücum zamanı ekipajın xəsarət almadığı və gəminin Misirə təyinat yerinə doğru getdiyi bildirilir.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

