
Bakı. Trend:
Azərbaycan Türkmənistanın BMT tərəfindən rəsmi şəkildə tanınan
və dəstəklənən daimi neytrallıq siyasətini yüksək qiymətləndirir və
dərin hörmətlə yanaşır.
Trend-in
məlumatına görə, bunu Azərbaycan Respublikasının Baş naziri Əli
Əsədov Aşqabadda “Beynəlxalq sülh və etimad ili (2025)”, Beynəlxalq
Neytrallıq Günü və Türkmənistanın daimi neytrallığının 30 illiyinə
həsr olunan beynəlxalq forumun plenar iclasında deyib.
Baş nazirin sözlərinə görə, Türkmənistan bu kursu həyata
keçirdiyi 30 il ərzində inamlı şəkildə sübut edib ki, neytrallıq
yalnız xarici siyasət mövqeyi deyil, həm də sülhə, təhlükəsizliyə
və davamlı inkişafa töhfə verən dəyişdirici bir qüvvə ola
bilər.
“Azərbaycan neytrallıqla bağlı Türkmənistan tərəfindən BMT-də
irəli sürülən qətnamələri daim dəstəkləmiş və “Beynəlxalq sülh və
etimad ili – 2025” qətnaməsinə həmmüəllif qismində qoşulub. Biz
qardaş Türkmənistanın bu təşəbbüslərini qlobal sülh və
təhlükəsizlik arxitekturasına mühüm töhfə kimi
qiymətləndiririk.
Azərbaycan Türkmənistanın BMT himayəsi altında Neytrallıq
Universitetinin yaradılması ilə bağlı təşəbbüsünü yüksək
qiymətləndirir və Universitetin işində fəal iştirak etməyə
hazırlığını ifadə edir”, – deyə o vurğulayıb.
Ə.Əsədov xatırladıb ki, cari ilin iyun ayında Bakıda
Türkmənistanın daimi neytrallığının 30 illiyinə və eyni zamanda
“Beynəlxalq sülh və etimad ili”nə həsr olunan
“Azərbaycan–Türkmənistan” beynəlxalq elmi-praktiki simpoziumu
keçirilib.

