Bakı.Trend:
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə iki
kollecə təyinatlar olub.
Trend xəbər
verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat
yayıb.
Bildirilib ki, Əhəd Məmmədov Ağcabədi Pedaqoji Kollecinin,
İsmayıl Məmmədov isə Azərbaycan Dövlət İqtisad Universitetinin
nəzdində Qida Sənayesi Kollecinin tədris işləri üzrə direktor
müavini vəzifəsinə təyin ediliblər.
Əhəd Məmmədov Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialında “İngilis dili müəllimliyi” ixtisası üzrə bakalavr təhsili alıb,
magistratura səviyyəsi üzrə təhsilini isə hazırda ADA
Universitetində “Təlim və tədrisin təşkili və metodikası” ixtisası
üzrə davam etdirir. Ə.Məmmədov əmək fəaliyyətinə 2017-ci ildə Bərdə
rayon İ.Hümbətov adına Soğanverdilər kənd tam orta məktəbində
ingilis dili müəllimi kimi başlayıb, həmçinin Ağdam rayon 93 saylı
köçkün tam orta məktəb və Tərtər şəhər Əsəd Məmmədov adına 1 saylı
tam orta məktəbdə pedaqoji fəaliyyətlə məşğul olub. O, Beynəlxalq
Qızıl Xaç Komitəsinin İqtisadi Təhlükəsizlik Proqramında, İndiana
Universitetinin Qlobal köçkünlük kontekstində müəllimləri
dəstəkləyən layihəsində və müxtəlif illərdə İsveçrə və İordaniyada
keçirilən təlimlərdə iştirak etmişdir. İsmayıl Məmmədov bakalavr
təhsilini Bakı Dövlət Universitetində “Regionşünaslıq” ixtisası
üzrə, magistratura təhsilini isə Azərbaycan Dövlət İqtisad
Universitetində “Biznesin təşkili və idarə edilməsi (Maliyyə)”
ixtisası üzrə alıb. Müxtəlif illərdə bir neçə özəl şirkətdə və
Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutunun Kadrlar
şöbəsinin müdiri vəzifəsində çalışıb. O, son təyinatadək Azərbaycan
Dövlət İqtisad Universitetində Karyera planlaşdırılması və inkişafı
kafedrasında müəllim kimi fəaliyyət göstərib.

