
Bakı. Trend:
Dekabrın 2-də Brüsseldə keçirilmiş Aİ–Ermənistan Tərəfdaşlıq
Şurasının VI iclasından sonra açıqlanan “Avropa İttifaqı-Ermənistan
Tərəfdaşlığı üçün Strateji Gündəliyi” Cənubi Qafqaz üçün növbəti
yeddi ilin çərçivə sənədi kimi təqdim olunur. Lakin sənədin məzmunu
göstərir ki, Avropa İttifaqı regionda neytral vasitəçi rolunu
deyil, daha çox birtərəfli siyasi yanaşmanı üstün tutur. Sənədin
strukturu və vurğuları regional reallıqları deyil, Ermənistanın
iddialarını legitimləşdirməyə yönəlmiş tendensiyanı ehtiva
edir.
Bunu Trend-ə
açıqlamasında politoloq Azər Qarayev deyib.
“Bu, yalnız diplomatik balansın pozulması deyil – Brüsselin
siyasi seçiciliyinin postmünaqişə dövrünün həssas dinamikasına
ciddi təsir göstərə biləcək addımıdır. Sənəddə “Azərbaycanın hərbi
əməliyyatlarından sonra köçkün düşmüş Qarabağ erməniləri”
ifadəsinin işlədilməsi faktların açıq şəkildə təhrifidir.
Beynəlxalq qurumların, o cümlədən BQXK-nın açıqlamalarına əsasən,
həmin şəxslərin bölgəni tərk etməsi tamamilə könüllü xarakter
daşıyırdı və bu, Azərbaycan tərəfindən təklif olunmuş reinteqrasiya
prosesindən imtinadan sonra baş verdi. Bu şəxslərin “qaçqın” kimi
qələmə verilməsi isə hüquqi müstəvidə gələcəkdə manipulyasiyalara
zəmin yaradır. Beləliklə, Aİ sənədi postmünaqişə reallıqlarına
deyil, Ermənistanın siyasi narrativinə əsaslanır”, – deyə A.Qarayev
bildirib.
Politoloq qeyd edib ki, sənəddə Aİ-nin Beynəlxalq Ədalət
Məhkəməsinin bütün müvafiq qərarlarının tam, dərhal və effektiv
həyata keçirilməsinin dəstəklənməsi xüsusi qeyd olunur. Lakin
burada əsas problem – yalnız Ermənistanın iddialarının nəzərə
alınması, Azərbaycanın qarşı tərəfə yönəltdiyi haqlı hüquqi
tələblərin isə tamamilə gözardı edilməsidir.
“Halbuki Vaşinqtonda paraflanmış sülh sazişi bu məsələlərin iki
ölkə arasında birbaşa həllini nəzərdə tutur. Aİ-nin sənədi isə bu
balanslı hüquqi mexanizmi pozur və münaqişənin hüquqi çərçivəsinə
üçüncü tərəfin müdaxiləsi riskini artırır. Aİ sənədində Azərbaycan
məhkəmələri tərəfindən insanlıq əleyhinə və hərbi cinayətlərə görə
ittiham olunaraq məhkum edilmiş şəxslərin “əsirlər” kimi
göstərilməsi isə daha bir absurd və açıq siyasi manipulyasiya
nümunəsidir. Bu yanaşma nə hüquqi məntiqə, nə də beynəlxalq
humanitar hüquq normalarına uyğundur. Belə bir təhrif təkcə məhkəmə
qərarlarının siyasiləşdirilməsi deyil, həm də qurbanların
hüquqlarına qarşı hörmətsiz yanaşmadır”, – o bildirib.
Onun sözlərinə görə, sənəddə Ermənistanın regionda konsensusdan
məhrum olan “sülh kəsişməsi” təşəbbüsünə sərt siyasi dəstək
göstərildiyi halda, 8 avqust Vaşinqton sammitində razılaşdırılmış
və real beynəlxalq legitimliyi olan TRIPP – “Trump Route for
International Peace and Prosperity” layihəsinin adının belə
çəkilməməsi təsadüfi deyil.
“Bu, Aİ-nin regiondakı nəqliyyat-kommunikasiya gündəliyini
obyektiv iqtisadi əsaslarla deyil, siyasi simpatiyalarla müəyyən
etdiyini göstərir. Ermənistanın öhdəliklərini yerinə yetirmək
niyyətinə dair suallar da məhz buradan doğur. Sülh sazişinin 7-ci
maddəsi Azərbaycan və Ermənistan sərhədində üçüncü tərəfin hərbi və
ya müşahidə qüvvələrinin yerləşdirilməsini qadağan edir. Buna
baxmayaraq, Aİ sənədi EUMA müşahidə missiyasının davamlılığının və
operativliyinin artırılmasını prioritet elan edir. EUMA-nın
fəaliyyəti artıq sadəcə monitorinq deyil, Ermənistanın siyasi
arqumentinə çevrilən alətə çevrilib. Bu isə regionda yeni gərginlik
mənbəyi formalaşdırır və sülh prosesinə töhfə vermir”, – o
bildirib.
A.Qarayev vurğulayıb ki, Aİ-Ermənistan sənədi deklarativ olaraq
regional sabitlikdən bəhs etsə də, mahiyyət etibarilə postmünaqişə
dövründə formalaşmış pozitiv dinamikanı zəiflədərək sülh prosesini
mürəkkəbləşdirir.
“Sənəd mövcud reallıqlara deyil, Ermənistanın siyasi
gözləntilərinə uyğunlaşdırılıb və bu, Vaşinqtonda əldə olunmuş
razılaşmaların ruhuna ziddir. Cənubi Qafqazda dayanıqlı sülh yalnız
balanslı, faktlara əsaslanan və tərəflərin suveren hüquqlarına
hörmət edən platforma üzərində mümkündür. Azərbaycan bu prosesə
sadiqliyini nümayiş etdirib. İndi həm Aİ, həm də Ermənistanın
üzərinə düşən öhdəlik – sənəddəki təhrifləri aradan qaldırmaq və
regionu geriyə yox, irəli aparan real əməkdaşlıq gündəliyinə
qayıtmaqdır”, – politoloq əlavə edib.


