
Bakı. Trend:
Əməkdaşlıq haqqında Bəyannamə (DoC) enerji təhlükəsizliyinin
təmin edilməsinə yardım edən çərçivə mexanizminə çevrilib.
Trend-in OPEC-ə
istinadən verdiyi məlumata görə, bunu təşkilatın baş katibi Heysam
əl-Qeys DoC-nin yaradılmasının doqquzuncu ildönümü münasibətilə
bildirib.
“Doqquz il əvvəl tarixi razılaşma əldə olundu və yeni mərhələ
başlandı. Bu mərhələ çoxşaxəli dialoqun və qarşılıqlı fəaliyyətin
nazirlik, texniki və tədqiqat səviyyələrində zəruriliyini, dəyərini
və əhəmiyyətini vurğuladı. Geri dönüb baxdıqda aydın görünür ki,
DoC neft bazarının sabitliyinin, enerji təhlükəsizliyinin və qlobal
iqtisadi artımın təmin olunmasına imkan verən bir baza kimi
formalaşıb”, – deyə o bildirib.
Əl-Qeys qeyd edib ki, DoC-nin bütün bu illər ərzində əldə etdiyi
uğur iştirakçı ölkələr arasında formalaşmış etimad və şəffaflıq
nəticəsində mümkün olub.
“Onun gücü bütün tərkib hissələrinin cəmindədir. Hər bir ölkə
mühüm rol oynayır. Şübhə etmirəm ki, qarşıdakı illərdə və
onilliklərdə DoC inkişaf etməyə və daha da güclənməyə davam edəcək.
Biz onun 2026-cı ildə keçiriləcək 10 illik yubileyini səbirsizliklə
gözləyirik”, – baş katib əlavə edib.
Xatırladaq ki, doqquz il əvvəl – dekabrın 10-da OPEC-ə üzv
dövlətlərin nümayəndələri, habelə Azərbaycan, Bəhreyn Krallığı,
Bruney-Darüssəlam, Ekvatorial Qvineya (sonradan OPEC-ə qoşulub),
Qazaxıstan, Malayziya, Meksika, Oman Sultanlığı, Rusiya
Federasiyası, Sudan Respublikası və Cənubi Sudan Respublikası
Vyanada (Avstriya) görüşərək qlobal neft bazarının cari vəziyyətini
və onun davamlı sabitliyinin bərpasına dair mümkün tədbirləri
müzakirə ediblər.
Görüş DoC-nin imzalanması ilə nəticələnib. Buna 2016-cı il
ərzində bir neçə ay davam edən genişmiqyaslı məsləhətləşmələr, o
cümlədən 28 sentyabrda Əlcəzairdə keçirilmiş OPEC Konfransının
170-ci (növbədənkənar) iclasında qəbul olunmuş “Əlcəzair
razılaşması” və 30 noyabrda Vyanada OPEC Konfransının 171-ci
iclasında əldə edilmiş “Vyana razılaşması” kimi əsas hadisələr
zəmin yaradıb.
OPEC-dən qeyd olunub ki, DoC çərçivəsində hasilatçı ölkələr neft
istehsalçıları və istehlakçıları olan bütün dövlətlərin maraqları
naminə neft bazarının sabitliyi üçün məsuliyyət daşıdıqlarını
təsdiqləyiblər. Onlar neft bazarının sabitliyinin bərpası və
qorunması işində qlobal ictimaiyyət qarşısında öhdəliklərini
nümayiş etdiriblər ki, bu da dünya iqtisadiyyatına geniş və müsbət
təsir göstərib. Bu öhdəlik artıq doqquz ildir ki, qüvvədə
qalır.


