Bakı. Trend:
Venesuela Prezidenti Nikolas Maduro ABŞ hökumətindən həm
Venesuelaya, həm də Latın Amerikasına yönəlmiş müdaxilə, rejim
dəyişikliyi və çevriliş siyasətinə son qoymağı tələb edib.
Trend xəbər
verir ki, o, bu barədə mitinqdə bildirib.
“Biz ABŞ hökumətindən Venesuela və Latın Amerikasına qarşı
qeyri-qanuni, qəddar müdaxiləni, rejim dəyişikliyi siyasətini,
dövlət çevrilişlərini və işğalları dayandırmasını tələb edirik”, –
deyə Maduro qeyd edib.
Prezident vurğulayıb ki, nəcib, suveren və cəsarətli xalqa
məxsus olan Venesuela heç vaxt imperiyanın müstəmləkəsinə
çevrilməyəcək. O əlavə edib ki, Venesuela torpağının sərvətləri heç
vaxt hər hansı bir imperiya tərəfindən talan edilməyəcək.
Dövlət başçısı bəyan edib ki, Venesuela tarlalarında çalışan
işçilər ölkəni istənilən təcavüzkar imperiyadan müdafiə etmək üçün
lazım gələrsə, əllərinə tüfəng, raket və tanklar götürəcəklər.
Mitinqdən əvvəl Maduro və nümayişçilər Karakas küçələrində
çoxminlik yürüşdə iştirak ediblər.

