Səhiyyə Nazirliyi həkimlərin sertifikasiyasında yeni qaydalara aydınlıq gətirib

Baş səhifə

Bakı. Trend:

Sertifikasiyada yeni qaydalara əsasən ekvivalent ballar müəyyən
edilir.

Trend xəbər
verir ki, bunu Səhiyyə Nazirliyi Tibb Müəssisələrinin
Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzinin Səhiyyə
mütəxəssislərinin sertifikasiya şöbəsinin müdiri Şərafət İsmayılova
canlı yayımda sertifikasiya üzrə yeniliklərdən danışarkən
bildirib.

Onun sözlərinə görə, 26 noyabr tarixində təsdiqlənmiş qərara
əsasən növbəti illər üçün sertifikasiyada akreditasiya balları
hazırlanır:




“Səhiyyə Nazirliyi tərəfindən elmi fəaliyyəti nəzərə alınmaqla,
ixtisası üzrə fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcəsi almış
tibb işçiləri üçün ayrıca akreditasiya balları hesablanacaq. Elmi
işləri olanlar, Ali Attestasiya Komissiyası tərəfindən təsdiq
edilmiş məcmuə və jurnallarda məqaləsi dərc olunanlar, həmçinin
ölkə daxilində və xaricdə elmi jurnallarda yazıları yayımlananlar
üçün xüsusi ekvivalent ballar təyin ediləcək”.

Şərafət İsmayılova əlavə edib ki, ali və orta ixtisaslı
kadrların pedaqoji fəaliyyəti, eləcə də müstəqil pedaqoji fəaliyyət
(ezamiyyətlər, təlimlər və s.) üzrə də ayrıca ekvivalent ballar
hesablanacaq.

Qaydaların gələcəkdə orta tibb işçiləri və əczaçılar üçün də
tətbiqi nəzərdə tutulur.