Ümummilli liderin xatirəsi Buxarest şəhərində yad edilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

9 dekabr 2025-ci il tarixində Azərbaycan Respublikasının
Rumıniyadakı Səfirliyi tərəfindən Azərbaycan xalqının Ümummilli
Lideri Heydər Əliyevin anım günü münasibətilə Buxarestdə
“Azərbaycan və Rumıniya arasında münasibətlərin qurulmasında Heydər
Əliyevin rolu” adlı dəyirmi masa təşkil edilib.

Bu barədə Trend-ə səfirlikdən məlumat verilib.

Əvvəlcə Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş,
daha sonra tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikasının
Rumıniyadakı səfiri Qüdsi Osmanov Ulu Öndər Heydər Əliyevin həyat
və fəaliyyətindən bəhs etmiş, onun müdrikliyi və dövlətçilik
təcrübəsi ilə apardığı daxili və xarici siyasətin nəticələrindən,
Azərbaycanın ilk Konstitusiyasının müəllifi kimi
dövlətçiliyimizdəki xidmətlərindən danışmışdır. Heydər Əliyev
irsinin günümüzdə prezident İlham Əliyev tərəfindən layiqincə davam
etdirildiyini vurğulayan səfir çıxışında Azərbaycan xalqının 44
günlük Vətən müharibəsində əldə etdiyi şanlı qələbəyə toxunaraq
onun bütövlükdə Cənubi Qafqaz regionuna sülh gətirdiyini qeyd
etmişdir. O, cari ilin avqustun 8-də Vaşinqtonda imzalanmış sənədin
və Zəngəzur dəhlizinin əhəmiyyətini nəzərə çatdırmış, artıq
Azərbaycan ərazisindən Ermənistana yüklərin çatdırılmasını
ölkəmizin xoş niyyət göstəricisi kimi səciyyələndirmişdir.

Daha sonra Rumıniyanın keçmiş Prezidenti (1996-2000), Rumıniya
Demokratiya Fondunun rəhbəri Emil Konstantinesku tədbirə göndərdiyi
videomüraciətdə ümummilli liderlə bağlı xatirələrini danışmış, ötən
əsrin 90-cı illərində Şərq-Qərb nəqliyyat dəhlizinin və TRACECA
layihəsinin formalaşmasında Heydər Əliyevin rolundan bəhs
etmişdir.

Mərasimdə Rumıniya Senatının üzvləri Sebastian Çernik, Katalin
Daniel Fenekiu, Kristian Şipoş, deputatlar Adrian Solomon və Amet
Varol, Türkiyə Respublikasının Rumıniyadakı səfiri Özgür Kıvanç
Altan, Pakistanın səfiri İlyas Mahmud Nizami, Gürcüstanın səfiri
Tamar Beruçaşvili, Rumıniya müsəlmanlarının müftisi Yusuf Murat və
digərləri çıxış etmiş, mənalı ömrünü xalqına, Azərbaycanın
möhkəmlənməsinə və yüksəlişinə həsr etmiş dünya şöhrətli siyasi
xadim Heydər Əliyevin həyat və fəaliyyətinə, onun Azərbaycan və
Rumıniya arasında əlaqələrin genişləndirilməsindəki müstəsna
roluna, müasir Azərbaycanın dünyada tutduğu xüsusi yerə yüksək
qiymət vermişlər.

Tədbirin sonunda ümummilli liderin anım gününə həsr edilmiş
qısametrajlı sənədli film izlənilmişdir.

Dəyirmi masa Rumıniya televiziya kanalları və mətbuatı
tərəfindən geniş işıqlandırılmışdır.

Tədbirdə Qazaxıstanın Rumıniyadakı Səfirliyinin təmsilçiləri,
“SOCAR Petroleum SA” şirkətinin, Türk İş Adamları Dərnəyinin
rəhbərliyi, Rumıniyada yaşayan və fəaliyyət göstərən türk və İran
azərbaycanlılarının icmalarının nümayəndələri iştirak etmişlər.

Həmçinin mərasim iştirakçılarına Ümummilli liderin keçdiyi həyat
yoluna və Azərbaycan naminə gərgin fəaliyyətinə, eləcə də
Rumıniya-Azərbaycan münasibətlərinə həsr olunmuş fotosərgi ilə
tanış olmaq imkanı yaradılmışdır. Sərgini izləyənlərə səfir və
əməkdaşlar tərəfindən ətraflı məlumat verilmişdir.