Bakı. Trend:
Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) ölkədə
dərman vasitələrinin və tibbi vasitələrin ekspertiza və qeydiyyat
proseslərini həyata keçirən əsas qurumdur.
Trend xəbər
verir ki, bunu Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin
Bioloji Fəallığa Malik Qida Əlavələri şöbəsinin eksperti Gülnar
İmayılova Sağlam radio”nun “Sağlam səhər” verilişində
səsləndirib.
Onun sözlərinə görə, Mərkəzin fəaliyyət istiqamətləri yalnız
bununla məhdudlaşmır:
“AEM təkcə dərmanların keyfiyyətinə nəzarət edən struktur deyil,
eyni zamanda tibbi məqsədlə istifadə olunan bütün məhsulların –
dərman vasitələrinin, tibbi vasitələrin və bioloji fəallığa malik
qida əlavələrinin –statusunu müəyyən edən yeganə ekspertiza
orqanıdır. Yəni, hansısa məhsulun hansı kateqoriyaya aid olması
yalnız AEM tərəfindən aparılan ekspertiza nəticəsində
dəqiqləşdirilir.”
Ekspert qeyd edib ki, dərman və tibbi vasitələr üzrə
səlahiyyətlər Mərkəzin əsas funksional istiqamətlərindəndir:
“Dərmanın nə olduğunu, hansı maddələrin dərman təsiri
göstərdiyini, hansı məhsulun tibbi vasitə kimi qiymətləndirilə
biləcəyini hüquqi və elmi baxımdan müəyyən edən məhz Səhiyyə
Nazirliyi Analitik Ekspertiza Mərkəzidir. Bioloji fəallığa malik
qida əlavələri isə dərman vasitəsi olmasalar da, strateji
əhəmiyyətə malik məhsullar sırasına daxildir. Çünki bəzi hallarda
BAQM-ların tərkibindəki maddələr və onların təsir iddiaları dərman
vasitələrinə bənzəyə bilər. Məhz buna görə bu məhsulların
təhlükəsizliyi, istifadə məqsədi, doza göstəriciləri və tərkibinin
normativ sənədlərə uyğunluğu xüsusi diqqətlə qiymətləndirilməlidir.
BAQM statusu almaq istəyən istənilən istehsalçı, idxalçı və ya
fiziki şəxs ilk növbədə Analitik Ekspertiza Mərkəzinə müraciət
etməli və ekspertizadan keçməlidir.”
G. İmayılova bildirib ki, dərmanın nə olduğunu, hansı məhsulun
dərman təsiri yaratdığını, hansının isə qida əlavəsi kateqoriyasına
aid olduğunu müəyyən edə bilən yeganə qurum məhz AEM-dir və Bu
səbəbdən BAQM-ların dərman vasitəsi sayılıb-sayılmaması da Mərkəzin
səlahiyyətinə daxildir:
“Nəzərinizə çatdırım ki, bioloji fəallığa malik qida əlavələri
müalicəvi təsir göstərmir və dərman vasitəsi hesab olunmur. BAQM —
qida rasionunu zənginləşdirmək məqsədilə nəzərdə tutulmuş,
qidalandırıcı və fizioloji təsirə malik nutriyentlərdən və digər
bioloji aktiv maddələrdən ibarət olan məhsuldur. Bu məhsullar
kapsul, tablet, ampul, damcı və digər dozalanmış formada istehsal
olunur və gündəlik qəbul dozası normativ qaydada müəyyən edilir.
Məqsədi xəstəliyi müalicə etmək deyil, qida qəbulunu tamamlamaq və
orqanizmin normal fizioloji funksiyalarını dəstəkləməkdir”.

