
Bakı. Trend:
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan AXCP
Rəyasət Heyətinin üzvü Məmməd İbrahimli barəsində qətimkan tədbiri
seçilməsi ilə bağlı qərardan verilən apellyasiya şikayəti üzrə
məhkəmə prosesi keçirilib.
Trend xəbər verir ki, bu gün
Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə qərar qəbul
edilib.
Belə ki, Apellyasiya şikayəti təmin edilməyib, həbs qətimkan
tədbirinin seçilməsi barədə qərar qüvvədə saxlanılıb.
Qeyd edək ki, Səbail rayon Məhkəməsinin qərarı ilə M. İbrahimli
barəsində 2 ay 15 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
Ona Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə
və ya onu zorla saxlamağa, dövlətin konstitusiya quruluşunu zorla
dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli
sürülüb.
Xatırladaq ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının ( AXCP)
sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü
Məmməd İbrahimli barələrində aparılan araşdırma
çərçivəsində DTX-də dindiriliblər.
Onların evində axtarış aparıldıqdan sonra Dövlət Təhlükəsizliyi
Xidmətinə aparılıblar.
Məlumata görə, Əli Kərimlinin və Məmməd İbrahimlinin evindəki
axtarış və dindirilmə Ramiz Mehdiyevin DTX-də istintaq olunan
cinayət işi ilə əlaqədardır.
Xatırladaq ki, Səbail rayon məhkəməsi Ramiz Mehdiyev barədə
cinayət işi üzrə qərar qəbul edib. Qərara əsasən, məhkəmə xüsusilə
ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş
Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək, 4 ay
müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.
O, Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ
keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci
(cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə
ittiham olunur.


