Çində 5G baza stansiyalarının sayı sürətlə artır

Baş səhifə

Bakı. Trend:

2025-ci ilin əvvəlindən etibarən Çində 5G baza stansiyalarının
sayında əhəmiyyətli artım qeydə alınıb.

Trend-in
“Xinhua”ya istinadən verdiyi məlumata görə, Çin Sənaye və
İnformasiya Texnologiyaları Nazirliyinin açıqladığı statistika bunu
təsdiqləyir.

Məlumata əsasən, bu ilin oktyabr ayının sonuna ölkədə 5G baza
stansiyalarının ümumi sayı təxminən 4,76 milyon olub. Bu, ötən ilin
sonu ilə müqayisədə 507 min çoxdur və bütün mobil baza
stansiyalarının 37 faizinə bərabərdir.




Telekommunikasiya sektorunun gəliri də artaraq ilin ilk 10 ayı
ərzində 1,46 trilyon yuana (təxminən 207 milyard ABŞ dolları) çatıb
ki, bu da ötən illə müqayisədə 0,9 faiz çoxdur.

Bununla yanaşı, oktyabrın sonuna ölkədə 5G mobil abunəçilərinin
sayı 1,18 milyardı keçib. Bu göstərici 2024-cü ilin sonundakı
rəqəmlə müqayisədə 170 milyon xalis artım deməkdir və bütün mobil
abunəçilərin 64,7 faizini təşkil edir.